Gömrük Komitəsi işbazlara xəbərdarlıq etdi
Bəzi işbazlar manatın devalvasiyaya uğraması ilə ölkədə yaranan iqtisadi mühitdən istifadə edərək, xüsusilə idxal əməliyyatları zamanı dövlət büdcəsinə çatacaq vəsaitin tam ödənməsindən yayınmağa çalışır.
Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov bildirib ki, xarici iqtisadi fəaliyyət iştirakçıları ölkə ərazisinə idxal etdikləri malları bəyan edərkən qiymətlərə və malın dəyərləndirilməsinə çox diqqət etməlidir: “Mala istənilən sənəd təqdim etməklə istədiyi qiyməti tətbiq etmək niyyətində olmaq heç də malın düzgün qiymətləndirilməsinə gətirib çıxara bilməz. Əfsuslar olsun ki, bu gün bir sıra işbazlar bundan sui-istifadə edərək "orijinal invoys" adı altında mallarını bəyan etmək xəyalına düşürlər. Onlar düşünməlidirlər ki, Azərbaycan qanunları var, malın gömrük dəyərləndirilməsi gömrük tarifi haqqında qanuna görə həyata keçirilir. Təqdim olunan sənədlərdə yanlışlıqlar baş verərsə, bugünkü bazarı, yerli istehsalçıların və istehlakçıların maraqlarının qorunması məqsədilə gömrük xidməti malın bəyan edilməsinə nəzarət edir, əgər mal düzgün bəyan olunmayıbsa, QATT-ın VII maddəsində təsbit olunan prinsiplərə və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq malın dəyərləndirməsi aparılır və dövlət büdcəsinə gömrük ödənişləri həyata keçirilir".
İdarə rəisi bildirib ki, hazırda bu işbazlar, əsasən, armatur və meyvə məhsullarının idxalı ilə məşğul olan şəxslərdir.
M.Vahabov əlavə edib ki, hazırda bütün məhsulların minimum qiymətləri müəyyən edilərək ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında yerləşdirilib, istənilən vaxt sahibkarlar mürəciət edib qiymətlərlə tanış ola bilərlər.
AzVision.az