Rusiya “silahlandırma yarışı” dilemması qarşısında

   Rusiya    “silahlandırma yarışı” dilemması    qarşısında
  12 İyun 2024    Oxunub:987
Soyuq müharibə dövründə iki antaqonist hərbi-siyasi bloklara rəhbərlik edən Vaşinqton və Moskva öz tərəfdaşlarının silahlandırılmasına milyardlarla vəsait xərcləyirdilər. SSRİ dağıldıqdan sonra onun varisi olan Rusiya bu yarışmada ikinci dərəcəli oyunçuya çevrilərək, əksər mövqelərini itirdi. Lakin son vaxtlar Qərbin Ukraynanı ölüm saçan silahlarla təchiz etməsi fonunda bəzi ekspertlər Moskvanın da Vaşinqtona qarşı barışmaz mövqedə dayanan ölkələrə belə silahlar verməsini şərtləndirə biləcəyini vurğulayırlar.
ABŞ Ukraynanın silahlandırmağı davam etdirəcək

İkinci Dünya müharibəsində müttəfiq ölkələrin qoşunlarının Normandiyaya desant çıxarmasının 80 illiyinin qeyd olunması münasibəti ilə Fransaya gəlmiş ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə hərbi yardımı gesikdirməsinə görə Ukraynalı həmkarı Volodimir Zelenskidən üzr istəyib.

“Bu həftələr ərzində maliyyələşmə ilə bağlı nə baş verəcəyini bilmədiyimiz üçün yaranmış gecikməyə görə üzr istəyirəm. Qanun layihəsinin qəbul edilməsi ilə bağlı problemlər yaşadıq. Bəzi “çox mühafizəkar” konqresmenlər onun keçməsinə mane olurdular. Amma ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”, - Co Bayden Zelenskini əmin edib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq qərarından sonra prezident Co Bayden aprelin 24-də Ukraynaya 61 milyard dollar həcmində hərbi yardım ayrılmasını nəzərdə tutan Qanun layihəsini imzalayıb. Eyni zamanda, may ayının son günlərində Ağ Evin rəhbəri Rusiya ərazisindəki hədəfləri vurmaq üçün Ukraynaya Amerika silahlarından istifadə etməyə icazə verib.

Vaşinqton: “ABŞ silahları artıq Rusiyaya zərbələr endirir”
ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə Amerika silahları vasitəsi ilə artıq Rusiya ərazilərinə zərbələr endirildiyini və bunun nəticəsində onun Ukraynanın Xarkov vilayətində hücumunun dayandığını bildirib.

Ağ Evdəki adları çəkilməyən yüksək vəzifəli məmurlara və yüksək rütbəli hərbçilərə istinad edən “The New York Times” qəzeti isə müəyyən görüşlərdən və debatlardan sonra Co Baydenin Ukraynaya daha bir “Patriot” zenit-raket kompleksinin verilməsi qərarına gəldiyini yazıb. Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcək bu sistem Polşadakı ABŞ qoşunlarının arsenalından veriləcək.


ABŞ rəsmilərinin dediyinə görə, sistem ehtiyac duyduğu texniki xidmətdən və ya modifikasiyalardan asılı olaraq yaxın bir neçə gün ərzində Ukraynada cəbhə xəttində yerləşdirilə bilər. Onlar ABŞ-nin Ukraynada daha bir “Patriot” sistemini yerləşdirməsinin müttəfiqləri də analoji addım atmağa təşviq edəcəyinə ümidlidirlər.
Bundan əlavə, Dövlət Departamentinin məlumatına istinad edən “The Washington Post” (WP) qəzeti Ukrayna Milli Qvardiyasının “Azov” adlı 12-ci xüsusi təyinatlı briqadasına Amerika silahının verilməsi barədə qadağanın ABŞ hökuməti tərəfindən ləğv olunduğunu yazıb.

- Ukraynanın “Azov” adlı 12-ci xüsusi təyinatlı briqadası ABŞ Dövlət Departamentinin “Lihi” Qanunu ilə bağlı apardığı sınaqdan keçib. Dövlət Departamenti bu Qanun çərçivəsində müvafiq pozuntuların olması barədə heç bir sübut tapmayıb”, - qəzetdə dərc olunan məqalədə deyilir.

Sabiq senator Patrik Lihinin adı ilə tanınan bu qanun ciddi insan haqları pozuntularına yol verdiyi aşkarlanan xarici bölmələrə ABŞ-nin hərbi yardım göstərməsinə qadağa qoyur. Ukrayna Milli Qvardiyasının “Azov” adlı 12-ci xüsusi təyinatlı briqadısına qarşı bu qadağa 10 il əvvəl tətbiq olunmuşdu.


Marqlıdır ki, ABŞ Dövlət Departamentinin nümayəndəsi bu qadağanın nə vaxt ləğv olunduğunu və artıq Amerika silahlarının “Azov” briqadasına ötürülüb-ötürülməməsini şərh etməyib. Ukrayna hökuməti və briqadanın komandanlığı da bununla bağlı “WP”-nin müraciətini cavablandırmaqdan boyun qaçırıb.

Moskva Qərbin Ukraynanı silahla təchiz etməsini və həmin silahlarla Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsini odla oynamaq kimi qiymətləndirib. Bununla NATO-nun bilavasitə münaqişəyə cəlb olunduğunu bildirən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynanın silahlandırılmasına yönələn bütün yüklərin qanuni hədəfə çevrildiyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması vasitəsi ilə iştirak edir. Bu isə müharibənin dayandırılmasını və danışıqlara başlanmasını əngəlləyir.

Rusiya kimləri silahlandıra bilər

Lakin bəzi rusiyalı ekspertlər Moskvanı yalnız bununla kufayətlənməməyə, Qərb üçün ciddi başağrısına çevrilmiş ölkələrə və qüvvələrə müasir silahlar ötürməyə çalışırlar. Bir sıra hallarda isə həmin silahların hətta təmənnasız verilməsi də təklif olunur. Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin özü Moskvanın ABŞ və onun müttəfiqlərinin hərbi obyektlərinə zərbələr endirmək məqsədi ilə hərbi münaqişə zonalarına Rusiya silahları verməyə başlamaq barədə düşündüyünü açıqlayıb.

“Əgər onlar (bu ölkələr) ərazimizə zərbə endirmək üçün döyüş bölgəsinə (Ukraynadakı münaqişə zonasına) silahların çatdırılmasını mümkün hesab edirsə və bizə problem yaradırsa, bəs niyə bizim bəzi bölgələrə eyni tipli silahlar vermək hüququmuz olmasın? Niyə Rusiyaya qarşı bunu edən edən ölkələrin həssas hədəflərini vurmaq üçün buna getməyək?”, - Putin Beynəlxalq Peterburq İqtisadi Forumunda jurnalistlərlə söhbəti zamanı ritorik sual verib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev “Telegram” sosial şəbəkəsində Putinin bəyanatının Rusiyanın xarici siyasətində mühüm dəyişiklik olduğunu vurğulayıb. Onun sözlərinə görə, siyasi əqidəsindən və beynəlxalq səviyyədə tanınmasından asılı olmayaraq, bu cür regionlar və ya şəxslər ABŞ-ni özünə düşmən sayan hər bir subyekt ola bilər.

Mövcud reallıqları nəzərə alan rusiyalı və xarici ekspertlər Moskvanın kimləri silahlandıra bilməsi barədə müxtəlif versiyalar irəli sürürlər.

1.Xarici jurnalistlərlə mətbuat konfransında Putinin “İsrailin HƏMAS-ın hücumuna cavabı müharibə kimi deyil, Qəzzada əhalinin tamamilə məhv edilməsi kimi görünür” bəyanatına diqqət çəkən ekspertlər bunun ilk növbədə Yaxın Şərqdəki bəzi qüvvələriun və ölkələrin olacağını ehtimal edirlər. Onlar Putinin indiyədək belə sərt bəyanat vermədiyini vurğulayaraq, Yaxın Şərqdə ABŞ və İsraillə müharibə vəziyyətində olan çoxlu qüvvələrə Rusiya silahının ötürüləcəyini ən çox ehtimal olunan variant kimi qiymətləndirirlər.


Maraqlıdır ki, bu yaxınlarda Yəməndəki husilər “Fələstin” adlı yeni ballistik raketə malik olduqları barədə açıqlama veriblər. Qırmızı dənizdə gəmiçiliyi faktiki olaraq məhdudlaşdırmış husilər, müntəzəm şəkildə ABŞ və Britaniya hərbi gəmilərini atəşə tutur, onları və İsraili Qəzza zolağında sülh bağlamağa məcbur edirlər. Daim İsrailin atəşi altında olan Şimali Livan və Suriyanın paytaxtı Dəməşq isə Rusiya silahları ilə bu hücumlara layiqli cavab verə bilərlər.

Suriyanın işğal olunmuş ərazilərində nefti qoruyan Amerika hərbi bazalarını PUA-lar vasitəsi ilə bombalayan və hədəfə alan İraqdakı şiə qrupları da Rusiyanın verə biləcəyi silahlar hesabına öz təzyiqlərini artırmaq imkanı qazanmağa iddialıdırlar.

2.Daha bir istiqamət kimi Afrikanın seçilməsi mümkündür. Hazırda Qara qitənin Sahel (sahilyanı) bölgəsində ABŞ və Fransanın himayə etdiyi cihadçılardan əziyyət çəkən Rusiyayönümlü ölkələrin (Niger, Mali, Burkina-Faso, Çad, Mərkəzi Afrika Respublikası) qurşağı formalaşır. Lakin ABŞ və Fransa bu ölkələrdə yerləşən hərbi bazalarını çıxarmağa hələlik tələsmirlər. Rusiyadan alınan silahlar isə Qərblə qarşıdurmada həmin ölkələrin ritorikasını və davranışını xeyli sərtləşdirə bilər.


3.Rusiyalı ekspertlər hətta bilavasitə ABŞ-la həmsərhəd olan və Cənubi Amerikada yerləşən Meksika ilə Venesuelanın da Moskvanın silah dəstəyindən yararlana bilməsi ehtimalını irəli sürürlər. Belə ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra narkotik kartelləri ilə mübarizə aparmaq üçün Meksikaya müdaxilə vədini yerinə yetirə bilər. Bu mənada ABŞ-a qarşı müharibədə Rusiyadan alınan silahlar Mexiko üçün ən yaxşı hədiyyə olacaq. Qeyri-qanuni şəkildə Qayananın tərkibinə keçən əyalətini geri qaytarmaq iddiasında olan Venesuela da Moskvadan ala biləcəyi silahları Qayananı qoruyacağına söz vermiş Vaşinqtona tuşlamaq imkanı qazanacaq.


4.Bundan başqa, yerləşdiyi bölgədə təxirə salınmış münaqişə şəraitində yaşayan Şimali Koreya və Tayvanla bağlı münaqişəyə çox yaxın olan Çin, habelə Belqradın Kosovo və Metohiya, habelə Serbiya Respublikası ilə bağlı potensial münaqişə problemləri var ki, bu məsələdə də Moskvanın onu silahlandırması ehtimalı çox yüksəkdir. İranın İsrail və ABŞ-la birbaşa müharibəyə girə biləcəyi halda isə Rusiyanın Tehranı ən azı müasir silahlarla təchiz edəcəyi də rusiyalı ekspertlərin əksərində şübhə doğurmur.

Çətin dilemma

Beləliklə, Qərbin aparacağı gələcək istənilən müharibədə ABŞ-nin düşmənlərini silahla təmin etməyə Moskvanın haqqı çatdığını vurğulayan analitiklər, Kremlin opponentlərinin Rusiyanın hipersəs sürətli raketlərini vura biləcək Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə malik olmadıqlarını vurğulayırlar.

“İndi donanma (ABŞ və Böyük Britaniya), əminəm ki, əhatə dairəsindən kənarda qalmağa çalışacaq, lakin bu, çox çətin olacaq. Ruslar “Kinjal” qanadlı raketləri ilə Portuqaliyadan tutmuş Norveçə kimi Avropadakı istənilən hədəfə hücum edə bilər. Bu, dayandıra bilməyəcəyimiz dağıdıcı potensialdır”, - bir sıra böyük hərbi kampaniyaları planlaşdırmış, ABŞ ordusunun polkovniki Duqlas Makqreqor xəbərdarlıq edib.

Moskvaya ediləcək xəbərdarlıq isə Ukrayna müharibəsi nəticəsində ciddi çətiliklərlə üzləşmiş Rusiya iqtisadiyyatının silahlandrıma yarışının ağırlığına davam gətirə biləcəyinin böyük şübhə doğurması ilə bağlıdır. Heç şübhəsiz ki, iqtisadçı Andrey Belousovu Müdafiə naziri təyin edən Vladimir Putin bunun yaxşı fərqindədir. Məhz silahlanma yarşının ağırlığı altında SSRİ iqtisadiyyatının çökməsi kimi tarixi hadisə hələ yaddaşlardan silinməyib və yəqin ki, uzun müddətdə silinməyəcək. Moskvanın hazırda üzləşdiyi ən çətin dilemma budur.

Sahil İsgəndərov, politoloq
AzVision.az





Teqlər:   Rusiya   silahlandırma  





Xəbər lenti