Asanj Vaşinqtonla sövdələşmə müqabilində azadlığa çıxır

  Asanj Vaşinqtonla  sövdələşmə müqabilində azadlığa  çıxır
  25 İyun 2024    Oxunub:1489
London Ali Məhkəməsi “WikiLeaks” saytının təsisatçısı və rəhbəri Assanjı girov müqabilində azadlığa buraxıb.
AzVision.az xəbər verir ki, bu barədə iyunun 25-nə keçən gecə “WikiLeaks” saytının nümayəndələri məlumat yayıblar.

“Associated Press” (AP) agentliyinin məlumatına görə, salonunda Assanjın olduğu VJT199 çarter reysi Tailandın paytaxtı Banqkokun şimalında yerləşən Donmıanq beynəlxalq hava limanına enib. Aeroport rəsmiləri təyyarənin yanacaq doldurmaq üçün Banqkokda olduğunu söyləyiblər.


“Sərhədsiz Reportyorlar (RSF)” beynəlxalq qeyri-hökumət təşkilatı (QHT) Culian Assanjın 2019-cu ildən həbsdə saxlandığı Britaniya həbsxanasından azad edilməsini jurnalistikanın qələbəsi adlandırıb.

“Bu hüquqi proseslərin nəhayət başa çatması bizi çox rahatlaşdırdı. Bu, jurnalistika və mətbuat azadlığının qələbəsidir”, - təşkilatın “X” səhifəsində yerləşdirdiyi qısa bəyanatda deyilir.

Məhkəmə sənədlərinə istinad edən “The Washington Post” və “CNN” nəşrləri yazırlar ki, Assanj ona qarşı irəli sürülən 18 ittihamdan biri üzrə təqsirli bilinməsi üçün istintaqla ilkin razılığa gəlib. Lakin “WikiLeaks” sövdələşmənin hələ rəsmi olaraq tamamlanmadığını açıqlayıb.

Həmin razılaşmanın şərtlərinə görə, ABŞ-nin Ədliyyə Departamentinin prokurorları Avstraliya vətəndaşlığı olan Assanja 62 aylıq həbs cəzası istəyəcəklər. Bu elə onun Londondakı yüksək təhlükəsizlik həbsxanasında keçirdiyi vaxta bərabərdir. ABŞ-nin qeyri-korporativ ərazisi olan Şimali Mariana adalarında məhkəmənin sabah qərar çıxaracağı gözlənilir.

Assanjın həyat yoldaşı Stella uzun illər “WikiLeaks”in təsisatçısına dəstək olanlara təşəkkürünü bildirib.

“Culian azaddır! Onun azad edilməsi üçün qlobal kampaniyaya dəstək verən hər kəsə dərin minnətdarlığımızı sözlər ifadə edə bilməz”, - Stella “X”sosial şəbəkəsində paylaşım edib.

“WikiLeaks” ABŞ Ədliyyə Nazirliyi ilə uzun sürən danışıqlardan sonra qlobal dəstək kampaniyası sayəsində sövdələşmənin mümkün olduğunu bildirib. “CNN” nəşrinin öz mənbələrinə istinadən yaydığı xəbərə görə, ABŞ-nin Federal Təhlükəsizlik Bürosu (FTB) və Ədliyyə Departamentinin nümayəndələri üsyankar jurnalistin cinayət əməlində günahını etiraf etməyəcəyi hər hansı sövdələşməyə qarşı çıxıblar.

Prokurorların məktubuna əsasən, ABŞ-nin Ədliyyə Nazirliyi iş üzrə sabah dinləmənin keçirilməsini istəyib. Assanjın dinləmə və hökm oxunduqdan sonra sərbəst buraxılaraq Avstraliyaya gedəcəyi gözlənilir.

- Biz gözləyirik ki, müttəhim ABŞ-nin milli müdafiəsi sahəsinə aid məsələlərlə bağlı məxfi məlumatları qanunsuz əldə etmək və yaymaq üçün sui-qəsddə təqsirli bilinəcək”, – ABŞ prokuroru Şon Andersonun imzaladığı sənəddə deyilir. ABŞ Ədliyyə Departamentinin nümayəndələri də daha əvvəl məhkəməyə analoji ruhda müraciət ünvanlayıblar.

Qeyd edək ki, aprel ayında ABŞ prezidenti Co Bayden Avstraliya hakimiyyətinin Assanjın təqibini dayandırmaq barədə xahişini nəzərdən keçirdiyini bildirmişdi. “BBC” nəşrinin verdiyi xəbərə görə, Amerika rəsmiləri ilə razılaşma 10 ildən çox davam edən və uzun həbs cəzası ilə nəticələnən hüquqi mübarizəyə son qoyacaq. Belə ki, ABŞ-a ekstradisiya ediləcəyi və təqsirli bilinəcəyi halda “WikiLeaks”in yaradıcısını 175 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, 2006-cı ildə Assanj tərəfindən təsis olunan “Wikileaks” saytı 2010-cu ildə ABŞ-nin rəsmi qurumlarının yüz minlərlə məxfi sənədlərini və diplomatik yazışmalarını dərc etməyə başlayıb. Həmin materiallar iraqlı hərbi əsirlərin işgəncələrini və öldürülməsini, Hillari Klinton və ABŞ Demokratik Partiyası arasında sövdələşməni, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ümumi kiber müşahidəsini və Amerikanın digər cinayətkar əməllərini ifşa edirdi.

Lakin bütün dünyada guya söz və mətbuat azadlığını dəstəkləyən ABŞ hökuməti bunu ölkə tarixində ən böyük məxfi məlumat sızıntılarından biri kimi qiymətləndirərək, Culian Asanjı təqib etməyə başladı. Vaşinqtonun təzyiqi altında İsveçdə hətta Assanjın guya iki qadını zorlaması ilə bağlı cinayət işləri də açıldı. Bu təqiblərdən qurtulmağa çalışan jurnalist uzun müddət Ekvadorun Londondakı səfirliyində sığınacaq tapdı. Lakin ABŞ hökumətinin təzyiqi ilə beynəlxalq diplomatiya normalarını pozan İngiltərə polisi Ekvador səfilriyinə daxil olaraq Assanjı həbs etdi.


İndi isə onu müəyyən sövdələşmə çərçivəsində azadlığa buraxmaqla Co Bayden və onun demokratlar komandası prezident seçkiləri ərəfəsində növbəti siyasi xal qazanmağa çalışır. Məhz yenidən ABŞ prezidenti seçilməyə ən böyük şansı olan “diktator” Donald Trampın hakimiyyəti dövründə məhbəsə salınan Assanjın “humanist” Co Bayden tərəfindən azad edilməsi illüziyası yaradılır. Bu isə ən azı ona hüsn-rəğbəti artan media təmsilçilərinin noyabrda demokratların namizədini, bu Bayden və ya digəri də ola bilər, dəstəkləməsinə ciddi zəmin yaradır. Əslində ABŞ-nin və kollektiv Qərbin söz və vicdan azadlığını ehtiva edən “dəyərləri” məhz belə “həqiqətlər”dən və sövdələşmələrdən ibarətdir.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: Assanj   azadlıq  





Xəbər lenti