Kəmaləddin Heydərov Əli Doğanla görüşdü

Kəmaləddin Heydərov Əli Doğanla görüşdü
  25 İyun 2024    Oxunub:800
Bu gün Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyənin Jandarma Hava Qüvvələrinin komandanı general-leytenant Əli Doğanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi, qarşılıqlı etimadı və siyasi iradəsi sayəsində iki qardaş ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini məmnunluqla xatırladaraq, bu çərçivədə fövqəladə halların idarə edilməsi istiqamətində uyğun qurumlar arasında əlaqələrin daim genişləndiyini qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov istər ölkə daxilində, istərsə də xarici ölkələrdə baş vermiş irimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Nazirliyin Aviasiya dəstəsinin həyata keçirdiyi tədbirlərdən danışıb, hazırkı səfərin qurumlar arasında mövcud sıx əlaqələrin daha da dərinləşməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının Jandarma Hava Qüvvələrinin komandanı general-leytenant Əli Doğan Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. Ə.Doğan fövqəladə hallarla effektli mübarizə məqsədilə iki ölkənin uyğun qurumları arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər çərçivəsində Əli Doğanın başçılıq etdiyi nümayəndə heyəti FHN-in Aviasiya dəstəsinə səfər edərək qurumun fəaliyyəti ilə yerində tanış olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti