NATO Rusiya ilə müharibəyə hazırdırmı?

   NATO    Rusiya ilə müharibəyə    hazırdırmı?
  13 İyun 2024    Oxunub:2304
Amerikanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) NATO-nun Rusiya ilə müharibəyə hazırlığını təhlil edib. Analitiklərin gəldiyi qənaətə görə, Ukraynadakı münaqişə Şimali Atlantika Alyansının zəif tərəflərini açıq şəkildə göstərib.
ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) rəsmi sytında dərc olunan hesabata əsasən, Rusiya ilə potensial münaqişəyə hazırlaşmaqda NATO əhəmiyyətli irəliləyiş əldə etsə də, onun “uzun sürən müharibəyə” hazırlığı və müvafiq olaraq Moskvanın qarşısını almaq bacarığı ilə bağlı sual açıq qalır.

NATO-nun potensial müharibəyə hazırlıq konsepsiyası

2022-ci il iyunun sonunda NATO-nun Madriddə keçirilən sammitində alyans ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün müttəfiqlərin uzunmüddətli məqsəd və vəzifələrini sadalayan yeni strateji konsepsiyanı təsdiqləyiblər. CSIS-nin tədqiqatçıları sənədin konsepsiyasının “gələcəyə qayıdış” kimi xarakterizə edilə biləcəyini vurğulayırlar. Belə ki, həmin konsepsiyada Rusiya “Soyuq Müharibə” dövründə olduğu kimi yenidən “təhlükəsizliyə ən əhəmiyyətli və birbaşa təhdid” statusunu alıb, “çəkindirmə və müdafiə” prinsipləri isə alyansın strategiyasında yenidən mərkəzi yer tutub.

Məruzədə bildirilir ki, NATO-nun Rusiya ilə hazırlaşmalı olduğu müharibə üçün ən çox ehtimal edilən ssenari rus qoşunlarının Baltikyanı əraziləri sürətlə ələ keçirməsidir.

“Bu, Rusiyanın NATO-ya hər hansı adi hücumu üçün ən çox ehtimal olunan ssenaridir. Çünki bu regionda güc balansı Rusiyanın xeyrinə kəskin şəkildə dəyişir”, - hesabatda deyilir.


Mərkəzin ekspertlərinin fikrincə, itirilmiş əraziləri geri qaytarmaq üçün Şimali Atlantika Alyansı səmada üstünlük və Baltik dənizinə nəzarət yaratmalı olacaq. Lakin uğur qazanmaq üçün müttəfiqlərin 2022-ci ildə Madriddə qarşıya qoyulan bütün məqsədləri həyata keçirmələri zəruridir.

Bundan əvvəl Britaniyanın “Teleqraf” qəzeti Avropa qitəsində Rusiya ilə böyük müharibə olacağı təqdirdə NATO-nun Amerika qoşunlarının və zirehli texnikasının cəbhə xəttinə köçürülməsi üçün quru dəhlizlərinin yaradılması üzərində işlədiyini yazıb. Alyans rəsmilərinin verdikləri açıqlamada ABŞ kontingentinin seçilmiş beş limandan birinə enəcəyi və oradan müttəfiqlərə kömək etmək üçün əvvəlcədən planlaşdırılmış marşrutlar üzrə gedəcəyi bildirilir. NATO rəhbərliyi yaxın iki onillikdə Rusiya ilə silahlı münaqişəni mümkün hesab etdiyinə görə belə hazırlıqlar aparılır.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə iki həftə əvvəl parlamentdə çıxışı zamanı Bundesverin 2029-cu ilə qədər müharibəyə hazır olması zərurətini gündəmə gətirib. O, Rusiyanı təkcə Ukrayna üçün deyil, həm də Gürcüstan, Moldova və son nəticədə NATO üçün təhlükə adlandırıb.

- Biz hadisələrin ən pis inkişafının qarşısını almaq üçün çəkindirməni təmin etməliyik”, - Pistorius deyib.

Şimali Atlantika Alyansının hərbi komitəsinin rəhbəri admiral Rob Bauer də yaxın 20 ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olmağın vacibliyini vurğulayıb.
Halbuki, Rusiya prezidenti Vladimir Putin hələ bu ilin martında NATO ilə tammiqyaslı münaqişənin az ehtimal olunduğun bildirib. Onun fikrincə, bu, yəqin ki, heç kəsi maraqlandırmayan üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər.


Yenidən təşkilatlanmada NATO-nun uğurları
Amerikalı tədqiqatçılar son iki ildə NATO ölkələrinin xüsusilə müdafiə xərclərinin artırılmasında əhəmiyyətli irəliləyişə nail olduqlarını qeyd edirlər. Əgər 2014-cü ildə cəmi üç dövlət ÜDM-nin 2%-ni müdafiə ehtiyaclarına xərcləyibsə, blokun iyul ayında Vaşinqtonda keçiriləcək 75-ci yubiley sammitinə qədər alyansın 32 ölkəsindən 18-i artıq bu göstəricini haqlayacaq. Üstəlik, 2024-cü ildə NATO-nun üzvü olan Avropa ölkələrinin hərbi xərcləri ilk dəfə vahid ÜDM-in 2%-ni təşkil edəcək. Bununla belə, həllini tapmayan problemlər də kifayət qədərdir.

“Avropa yüksək texnologiyalı kollektiv müdafiə missiyalarının həyata keçirilməsində ABŞ-dan asılılıqdan qurtulmalı və artan müdafiə xərclərinin effektivliyini maksimum dərəcədə artırmaq üçün regiondaxili əməkdaşlığı inkişaf etdirməlidir”, - analitiklər bildiriblər.

Digər mühüm məqam Şərqi Avropada “gücləndirilmiş ön mövcudluq” adı altında həyata keçirilməli olan səkkiz missiyadır. CSIS-in hesabatında qeyd edilir ki, təlim bütün səkkiz savaş qrupunun döyüş hazırlığını təsdiqləyib. Lakin onlardan yalnız ikisi - Litva və Latviyada qərarlaşan missiyalar briqadalardakı daimi qüvvələrin sayını 5 min nəfərə qədər artırmağı planlaşdırır. Halbuki, ekspertlər hətta briqadaların da “qadağa yolu ilə çəkindirmə” üçün kifayət olub-olmayacağına, yəni Rusiyanın xeyrinə qeyri-tarazlığı nəzərə almaqla, bölgədəki qüvvələrin düşmənin uğurlu hücumunun qarşısını ala biləcəyi şəraitin yaradılacağına şübhə ilə yanaşırlar.

Amerikalı analitiklər alyansın cavab əməliyyatları qüvvələrinin yenidən təşkilində gecikmələrə də toxunublar. Madriddə razılaşdırılan yeni NATO Qüvvələri Modeli (NFM) böhran vəziyyətində yerləşdirmənin üç səviyyəsini nəzərdə tutur: 10 gün ərzində 100 min nəfər, 10-30 gün ərzində 200 min nəfər, daha 500 min nəfər isə 30-180 gün ərzində yerləşdirilməyə hazır olmalıdır.

NATO ölkələri həmçinin Avropanın ən həssas bölgələrində yeni çoxmillətli qüvvə komandanlıqları açır. Hazırda hazırda onların sayı 10-dur, daha birinin açılması isə Finlandiyanın Mikkeli şəhərində, Rusiya ilə sərhəddən 140 km aralıda planlaşdırılır. Bununla belə, müttəfiqlərin həm cavab əməliyyatları qüvvələrinin tərkibində, həm də idarəçiliklə bağlı bütün səlahiyyətləri NATO komandanlığına verməyə hazır olmaları ilə bağlı problemlər mövcuddur.


CSIS-in ekspertləri Finlandiya və İsveçin NATO-ya daxil olmasını Madrid sammitindən sonra alyansın ən diqqətçəkən nailiyyəti kimi qiymətləndirirblər.

“Bu, Moskvaya güclü siyasi siqnal göndərdi və Rusiyanın Baltik dənizində manevr azadlığını ciddi şəkildə məhdudlaşdırmağa qadir olan iki yüksək təsirli üzv əldə etməklə, NATO üçün isə güclü maneə imkanı qazandırdı”, - hesabat müəllifləri vurğulayıblar.

Amma bunun tam əksini düşünən Moskva Helsinkinin səhv addım atdığını açıqlayıb.

“Finlandiyanın ənənəvi neytrallıq siyasətindən əl çəkməsi və ölkənin NATO-ya daxil olması səhvdir, çünki Helsinkinin təhlükəsizliyinə heç bir təhdid yoxdur. Finlandiyanın xarici siyasətindəki dəyişiklik Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”, - Rusiya prezidenti Vladimir Putin deyib.

Bundan əlavə, mərkəzin analitiklərin fikrincə, NATO habelə təlim proqramlarını kollektiv müdafiəyə yönəltmək vədlərini əhəmiyyətli dərəcədə yerinə yetirib. Təşkilat, o cümlədən “Soyuq Müharibə”dən sonra, 90 min hərbçinin iştirak etdiyi ən böyük “Sabit Müdafiəçi” təlimini keçirib. NATO, habelə çoxdomenli əməliyyatlara (təxminən bərabər gücə malik olan düşmənə qarşı müharibə aparmaq taktikasına) diqqət yetirib.

Alyansın üzşlədiyi çətinliklər
Eyni zamanda, CSIS-in hesabatında Ukraynadakı münaqişənin NATO-nun müdafiə sənayesi bazasında böhran vəziyyətini aşkarladığı vurğulanır. Bunun ən bariz nümunəsi kimi Ukrayna Silahlı Qüvvələrinin sursatla təmin edilməsində meydana çıxan çətinliklər göstərilir. Bu fonda NATO və Avropa İttifaqı (Aİ) silah istehsalını artırmaq və müdafiə təchizatını sinxronlaşdırmaq üçün ayrıca addımlar atsalar da, istehsalın sürətləndirilməsini əngəlləyən maneələr və alyans ilə Aİ arasında gərginlik qalmaqdadır.

Hesabatın müəllifləri qeyd edirlər ki, hətta ABŞ nəzərə alınmadan da, NATO-nun ümumi müdafiə imkanları Rusiyadan xeyli yüksəkdir. Lakin bu, özünü mütləq döyüş meydanında göstərməyəcək. Çünki Şimali Atlantika Alyansı ənənəvi hərbi çəkindirmə imkanlarını əhəmiyyətli dərəcədə sarsıdan ciddi hazırlıq boşluqları ilə üzləşir. Avropa ölkələri dəniz qüvvələri, hava hücumundan müdafiə üçün vasitələrin, artilleriya sursatlarının və raketlərin ciddi çatışmazlığı ilə üzləşirlər.

“Buna görə də, qədim qitədə istənilən böyük döyüş əməliyyatlarını, bir sıra döyüş tapşırıqlarını yerinə yetirmək üçün Avropa quru, dəniz və hava qüvvələrinə ehtiyacını ödəmək üçün ABŞ-dən asılı olacaq”, - mərkəzin ekspertləri yazırlar.


Onların qənaətinə görə, NATO üzrə müttəfiqlərin Madriddə öz üzərlərinə götürdüyü öhdəliklər Vaşinqtonda keçiriləcək sammitə qədər tam yerinə yetirilməyib. Alyans isə daha güclü müdafiə və çəkindirmə siyasətinin hələ başlanğıcındadır. Belə ki, bir tərəfdən alyans üzvləri artıq “bu axşam döyüşməyə” hazır olduqlarını bildirirlər. Digər tərəfdən isə, onların uzun sürən müharibəyə nə dərəcədə hazır olması barədə sual açıq qalır.

- Rusiya ilə NATO arasında ciddi münaqişənin tez bitməyəcək istənilən versiyası təkcə orduların deyil, həm də cəmiyyətlərin toqquşmasına çevriləcək. Bu, münaqişəyə hazırlıq, sənaye potensialı və təchizat zəncirləri, silahlar, logistika imkanları, işçi qüvvəsi, resurslar və “mübarizə iradəsi” müstəvisində rəqabət yarışı olacaq”, - ekspertlər bildiriblər.

Bu baxımdan, alyansın hələ də müdafiə xərclərinin artırılması, müdafiə sənayesi imkanlarının transformasiyası və təchizat sahəsindəki kritik boşluqların aradan qaldırılması ilə bağlı problemlərin həllini tapması zərurəti vurğulanır.

CSIS-in analitikləri, habelə Vaşinqton sammitində NATO liderlərinin Madrid görüşündə nümayiş etdirdikləri ambisiya səviyyəsinin kifayət qədər yüksək olub-olmadığını yenidən nəzərdən keçirməsinin vacibliyini vurğulayırlar. Çünki “Soyuq Müharibə” dövründə Şimali Atlantika Alyansının strategiyası güclü müdafiə “qalxanı”na və nüvə təhdidinin qarşısının alınması “qılıncına” əsaslanırdı. Doğrudur, indi zaman başqa olsa da, dəyişikliklər elə də çox deyil.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: NATO   Rusiya   müharibə  





Xəbər lenti