Yerli turizmin əsas problemi: Qiymətlər

 Yerli turizmin əsas problemi:  Qiymətlər
  25 İyun 2024    Oxunub:8743
Ölkəyə gələn turistlərin sayı sürətlə artmaqdadır. Təkcə bu ilin mart ayı ərzində ölkəyə gələnlərin sayı 2023-cü ilin eyni ayı ilə müqayisədə 26% artıb. Birinci rüb ərzində bu rəqəm 39% təşkil edib. Dünyada olduğu kimi, bizdə də bu sektor 2021-ci ildən etibarən bərpa olunmağa başlayıb. Bərpa prosesi sürətlə gedir, sadəcə tempi qoruyub saxlamaq tələb olunur.
Yada salım ki, 2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsinin, xüsusilə də Yaxın Şərq ölkələrindən gələnlərin hesabına yumşalmışdı. 2017-2018-ci illərdə ölkəyə gələnlərin arasında ərəblər üstünlük təşkil edirdilər.

Turizm qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi olduğundan ölkəmizdə onun inkişafına çox investisiyalar yatırılıb, infrastruktur qurulub. Bu gün yüksək xidmət səviyyəsinə malik mehmanxanaların, çoxlu turist firmalarının, informasiya və reklam strukturlarının varlığı, kadrların hazırlığı buna sübutdur. Lakin çatışmazlıqlar da çoxdur.

Ölkənin turizm sektorunda idarəetmədə, qiymət siyasətində, istifadəsi məqsədəuyğun sayılan obyektlərin seçimində bir sıra məsələlər ciddi yanaşma tələb edir.

Bu ilin yanvar-may aylarında Azərbaycanda bütün ulduz təsnifatları üzrə hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com-da bir gün gecələmək üçün orta qiymət göstəricisi qonşu Gürcüstan, Ermənistan və Türkiyənin İstanbul şəhəri ilə müqayisədə aşağı olub. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, hotellərdə orta qiymət yanvarda 87,5 manat, fevralda 102,6 manat, martda 133,3 manat, apreldə 131,67 manat, mayda 131,75 manat təşkil edib. Bu rəqəmlər 2023-cü ilin eyni ayları ilə müqayisədə 7,3%, 29,3%, 43,3% və 37,7% çoxdur.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, ölkəmizdə turizmin inkişafı qlobal tendensiyaya uyğundur. Lakin hər sahədə olduğu kimi, turizmin inkişafında da rəqabət əsas şərt sayılır. Bu sahədə orta göstərici əsas sayılmalı deyil, qonşu ölkələrdə vəziyyət diqqət mərkəzində saxlanılmalıdır. Xarici turistlərin cəlbində Gürcüstan və Türkiyə ilə müqayisədə mövqeyimizi gücləndirmək bütövlükdə qeyri-neft sektorunun inkişafı üçün əsas prioritetlərimizdən sayılır.

Yerli və xarici turistlərə yanaşmada qiymət siyasəti və tarif tətbiqində balansı qorumalıyıq. Əks halda, ölkəmizin turizm potensialından heç vaxt düzgün istifadə edə bilməyəcəyik.

Azərbaycanda istər yay, istərsə də qış mövsümündə turizmin inkişafı üçün hər cür şərait var. Demək olar, bütün bölgələrdə restoranlar, istirahət mərkəzləri, otellər şəbəkəsi baxımından zəngin infrastruktur mövcuddur. Üstəgəl, füsunkar təbiət və tarixi mədəniyyət obyektləri. Sadəcə olaraq, qiymətlərin yüksək olması böyük əngəl sayılır. Turizm sektorunda qiymət xidmət səviyyəsinə uyğun olmalıdır. Bu, olduqca ciddi məsələdir. Şişirdilmiş qiymətlərlə turizmi inkişaf etdirmək olmaz.

Hotellərdə qiymətlər çox yüksəkdir. Keçən ilin yayında bölgələrimizin birində səfərdə olarkən istirahət mərkəzlərində ikili tarif-qiymət siyasətinin yürüdüldüyünün şahidi olmuşdum. Belə ki, adi bir ədəd balıq yerli vətəndaş üçün minimum 15 manat təklif edilirdisə, xarici turist üçün bu rəqəm 25 manata bərabər idi. Hətta dəfələrlə gülməli vəziyyətlə də üzləşirdim: məndən yerli, yoxsa xarici vətəndaş olduğum soruşulurdu. Gəlir yerimizə görəsən, niyə belə barmaq tıxayırıq?


Pərviz Heydərov
Azvision.az üçün


Teqlər: Turizm  





Xəbər lenti