Azərbaycanda “quş qripi” aşkarlanmayıb

Azərbaycanda “quş qripi” aşkarlanmayıb
  28 Yanvar 2020    Oxunub:2453
Azərbaycan Respublikasının Qida Təhlükəsiliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə bu ilin 13-17 yanvar tarixlərində keçirilən epizootoloji monitorinqlərin nəticələri açıqlanıb.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 66 baş çöl quşundan patoloji materiallar götürülüb.

Həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Abşeron, Biləsuvar, Salyan, Hacıqabul, Ucar, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçik həcmli kommersiya tipli 8 quşçuluq təsərrüfatında 120 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.

Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olan quş cəsədinə rast gəlinməyib.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti