Xameneyi İsrailə cavab zərbəsi hazırlamaq barədə əmr verib

Xameneyi İsrailə cavab zərbəsi hazırlamaq barədə əmr verib
  01 Noyabr 2024    Oxunub:280
İranın Ali dini lideri Ayətullah Əli Xameneyi bir neçə gün əvvəl İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasına İsrailə cavab zərbəsi endirməyə hazırlaşmağı əmr edib.
AzVision.az xəbər verir ki, Tehrandakı yüksək vəzifəli üç mənbəyə istinad edən “New York Times (NYT)” qəzeti belə məlumat yayıb.

“Əmr Xameneyinin İsrailin İranın raket istehsalı potensialına, Tehran ətrafındakı hava hücumundan müdafiə (HHM) sistemlərinə, enerji infrastrukturuna və ölkənin cənubundakı əsas limanına vurduğu ziyana dair ətraflı hərbi hesabatı nəzərdən keçirdikdən sonra verilib. Dəyən zərərin miqyasını dərk edən Xameneyi onun çox böyük olduğunu və buna məhəl qoymamağın mümkün olmdaığını bildirib. Çünki cavab zərbəsindən imtina etmək məğlubiyyətin etirafı demək olacaq”, - qəzet yazır.

Mənbələrin NYT-yə verdiyi məlumata görə, İranın hərbi komandanlığı İsraildə onlarla hərbi hədəfin siyahısını hazırlayır. Lakin İsrailə zərbə çox güman ki, ABŞ seçkilərindən sonra vurulacaq, çünki Tehran regionda gərginliyin və xaosun növbəti dəfə güclənməsinin Donald Trampa əlavə səslər gətirə biləcəyindən ehtiyat edir.

Eyni zamanda, israilli jurnalist Barak Raividin məlumatına istinad edən ABŞ-nin “Axios” saytı öz ərazisinə cavab zərbəsindən yayınmağa çalışan İranın İsrailə İraqdan zərbə endirməyə hazırlaşdığını yazıb.

Barak Ravidin danışdığı iki mənbə bildirib ki, İsrail kəşfiyyatı hücumun çoxlu sayda dron və ballistik raketlər vasitəsi ilə həyata keçiriləcəyini ehtimal edir. Zərbə ABŞ prezident seçkilərindən əvvəl də ola bilər.

Lakin “Kan-11” telekanalının müxbiri Amixay Ştayn “məlumatlı mənbələrə” istinadən bildirib ki, hazırda İranın öz ərazisindən İsrailə hücum etdiyini göstərən heç bir əlamət yoxdur. Bununla belə, Ağ Evin fikrincə, İran “qısa zamanda” hücuma hazırlaşa bilər.

İsrail Moskvadan vasitəçi olmağı xahiş edir
Qeyd edək ki, “Newsweek” nəşri Yaxın Şərq mediasına istinadən İsrailin iranyönümlü Livan “Hizbullah”ı ilə münaqişənin dinc yolla həllində vasitəçilik etməsi üçün Rusiyaya üz tutduğunu yazıb. Təl-Əvivin bu addımını Moskva-Tehran sytrateji müttəfiqliyinin şərtləndirdiyi şübhə doğurmur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Xamneyi   İsrail   zərbə  





Xəbər lenti