Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb

Elmar Məmmədyarov AŞPA prezidenti ilə görüşüb
  13 Sentyabr 2019    Oxunub:1565
Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycana rəsmi səfəri çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye ilə görüşüb.
XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə L.Paskye dövlət başçısı tərəfindən qəbul edilməsini yüksək dəyərləndirdiyini bildirib və təşkilat çərçivəsində Azərbaycan ilə mövcud münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin Sədri ilə məhsuldar fikir mübadiləsi apardığını qeyd edib.

E.Məmmədyarov Azərbaycan ilə AŞPA arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini vurğulayıb və Azərbaycan tərəfinin Avropa Şurası və onun institutları ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Daha sonra L.Paskye Avropa Şurasında aparılan islahatlar, o cümlədən təşkilatda ortaya çıxan problemlərin aradan qaldırılması üçün yaradılan yeni mexanizmlər haqında danışıb. Avropa Şurasının 70 illiyindən söz açan L.Paskye bu münasibətlə səfəri çərçivəsində Azərbaycanda da belə bir tədbirin keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Söhbət əsnasında E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti ilə bağlı L.Peskyeni geniş məlumatlandırıb.

Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov   AŞPA  





Xəbər lenti