Azərbaycan-Avropa əməkdaşlığı müzakirə edildi

Azərbaycan-Avropa əməkdaşlığı müzakirə edildi
  03 Oktyabr 2013    Oxunub:1502
Bakıda Azərbaycan ilə Aİ arasında bir sıra sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunub
Azvsison.az xəbər verir ki,Oktyabrın 1-də Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Komitəsinin 14-cü iclası keçirilib.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Avropa İttifaqını isə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Rusiya, "Şərq Tərəfdaşlığı", Mərkəzi Asiya, ATƏT və regional əməkdaşlıq üzrə direktoru Qunnar Viqandın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb. Həmçinin, Avropa Qonşuluq Siyasəti və "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində fəaliyyət və əməkdaşlıq perspektivləri müzakirə olunub.

Aİ ilə Azərbaycan arasında readmissiya və viza sadələşdirilməsi sazişinin paraflanmasından məmnunluq ifadə edilib. Azərbaycan tərəfi bu sənədlərin cari ilin 28-29 noyabr tarixlərində Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək "Şərq Tərəfdaşlığı" Zirvə toplantısı zamanı imzalana bilməsi üçün lazım olan hüquqi prosedurların sürətləndiriləcəyinə ümid etdiyini qeyd edib.

Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat, habelə təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bununla bağlı Avropanın enerji təhlükəsizliyi və enerji daşıyıcılarının diversifikasiyasında Azərbaycanın mühüm rolu vurğulanıb və "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.

İclasda, həmçinin Azərbaycanda seçkiqabağı vəziyyət, demokratiya, insan hüquqları və mətbuat azadlığının gücləndirilməsi istiqamətində görülmüş işlərlə bağlı fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti