Xarici soydaşlarımızdan İlham Əliyevə dəstək

Xarici soydaşlarımızdan İlham Əliyevə dəstək
  02 Oktyabr 2013    Oxunub:1120
Azərbaycan diasporunun geniş fəaliyyət göstərdiyi Niderland Krallığında yaşayan soydaşlarımız dünya azərbaycanlılarını oktyabrın 9-da keçiriləcək prezident seçkilərində İlham Əliyevə dəstək verməyə çağırıblar.
AzVision.az Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən xəbər verir ki, Niderland azərbaycanlılarının seçkilərlə əlaqədar qəbul etdiyi bəyanatda deyilir ki, bu ölkədə yaşayan soydaşlarımız son 10 ildə təşkilatlanaraq diaspor sahəsində uğurlu fəaliyyət göstəriblər:

"Azərbaycanın Niderlandda tanıdılması, Azərbaycan həqiqətlərinin təbliğ olunması, erməni diasporu ilə mütəşəkkil mübarizə aparılması, Haaqa şəhərində Xocalı soyqırımına həsr olunmuş abidənin ucaldılması dövlətin xaricdəki soydaşlarımıza diqqəti və qayğısı nəticəsində mümkün olub".
Niderland azərbaycanlılarının qəbul etdiyi bəyanatda deyilir ki, müsəlman və xristian dünyasının qovuşduğu məkanda yerləşən Azərbaycanın düzgün inkişaf yolu seçməsi, insan hüquq və azadlıqlarını möhkəmləndirməsi, qanunun aliliyini təmin etməsi ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına öz töhfəsini verib.

Daha sonra bəyanatda qeyd olunur ki, Niderland azərbaycanlıları qarşıdan gələn prezident seçkilərində bütün dünya azərbaycanlılarını Azərbaycanın bugünkü inkişafının səbəbkarı - İlham Əliyevə səs verməyə çağırırlar:

"Ümid edirik ki, "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası"ndan irəli gələn prinsipləri rəhbər tutaraq bütün Avropa azərbaycanlıları bundan sonra da öz səylərini ölkələrimiz arasındakı etimad, xeyirxahlıq və dostluq münasibətlərinin möhkəmlənməsinə yönəldəcək".
Qeyd edək ki, bəyanat Niderland azərbaycanlıları adından Aərbaycanın Holland Dostları təşkilatı tərəfindən yayılıb. Üç ildir fəaliyyət göstərən təşkilatın rəhbəri Marion van der Vextdir.
Həmçinin, Gürcüstanda yaşayan soydaşlarımız prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Gürcüstan Azərbaycanlıları Milli Konqresindən İlham Əliyevin seçki qərargahına daxil olan bəyanatda deyilir ki, qonşu ölkədəki soydaşlarımızın adından edilən müraciətdə Gürcüstan və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi üçün İlham Əliyevin verdiyi töhfələrə görə minnətdarlıq edilir.

Məktubda, həmçinin son 10 ildə bölgənin inkişafı, Azərbaycanda müşahidə olunan sabitlik və ölkəmizin Gürcüstanın strateji tərəfdaşına çevrilməsi, Gürcüstanda iri investisiya layihələri həyata keçirməsi vurğulanır. Bəyanatda, eyni zamanda, son illərdə Azərbaycan dövləti tərəfindən Gürcüstandakı Azərbaycan icmalarının inkişafı üçün bir sıra layihələrin reallaşması xüsusi qeyd olunur.

Gürcüstan azərbaycanlıları prezidentliyə namizəd İlham Əliyevin həm xarici, həm də daxili siyasətini dəstəklədiklərini bildirirlər: "Biz əminik ki, Sizin rəhbərliyiniz altında Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq".


Teqlər:  





Xəbər lenti