9 azərbaycanlı uşaq xarici vətəndaşlara övladlığa verilib
Bu barədə AzVision.az-a Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədov məlumat verib. Komitə rəsmisi qeyd edib ki, ötən il xaricdə yaşayan soydaşlarımız tərəfindən 3 uşaq övladlığa götürülüb.
S.Məmmədov bildirib ki, ümumilikdə isə ötən il övladlığa verilən uşaqların 4-ü oğlan, 5-i isə qızdır.
“Fiziki məhdudiyyətli uşaqları ABŞ vətəndaşları övladlığa götürüb. 2007-ci ildən komitəyə xarici övladlığa verilmə səlahiyyəti veriləndən bu günə qədər övladlığa götürülmənin ləğvi ilə bağlı proses olmayıb. Azərbaycan vətəndaşı olan uşaqlar xarici övladlığa verildikdən sonra 3 il ərzində onlarla bağlı Komitəyə hesabat göndərilir. Hesabatda uşaqların səhhəti, inkişafı, mühitə uyğunlaşması barədə məlumatlar, şəkillər və 15 dəqiqləlik videokadr yer alır. Övladlığa götürülən fiziki məhdudiyyətli uşaqların sonradan xaricdə müalicəsi aparılır və onlar üçün yaxşı şərait yaradılır, onlar daha yaxşı inkişaf edirlər. Həmin uşaqları maddi baxımından təminatları yaxşı olan ailələr övladlığa götürür və uşaqların müalicəsini davam etdirə bilirlər”.
Komitə səlahiyyətlisi xarici ölkə vətəndaşlarının azərbaycanlı uşaqları övladlığa götürmə səbəblərini açıqlayıb: “Hər kəsin özünəməxsus yanaşması olur. Onlar burda daha çox ailə dəyələrinin, valideyn-uşaq münasibətlərinin daha isti olması və Qafqazı, xüsusilə Azərbaycanı özləri üçün daha çox motiv görürlər. Artıq 10-a yaxın əcnəbi ailə övladlığa götürülmə ilə bağlı Komitədə qeydiyyatdadır”.
Aytən Zəhra
AzVision.az