Məsələni
“Zənnimcə, Putin-Əliyev görüşündə Dağlıq Qarabağ münaqişəsinin bütün nüansları müzakirə edilib. Eyni zamanda cəbhədə atəşkəsin pozulma hallarının artması, ermənilərin mülki əhaliyə qarşı hərəkətləri, cəbhəyanı kəndlərin düşmən tərəfindən xüsusi maddələrlə yandırılması Putinin diqqətinə çatdırılıb. Bu isə ermənilərin xeyli pərişan olmasına gətirib çıxarıb”, - deyə Q.Hüseynli bildirib.
Politoloqun fikrincə, Azərbaycanın yeritdiyi siyasət ermənilərin mövqelərini zəiflətməkdədir: “Ermənilər atəşkəs rejimini pozmaqla həm Rusiyaya mesaj göndərir, həm də özlərinin dediyi kimi, Azərbaycan tərəfinin gözünü qorxutmağa çalışırlar. Amma, bunlar əbəs şeylərdir. Azərbaycan təkcə Rusiyaya yönəlik xarici siyasət yürütmür. Azərbaycanın Qərb ölkələri ilə də sıx əlaqələri var. Bu əlaqələr Rusiyanın hərəkətə gəlməsinə səbəb olub. Bütün bunlar ermənilərin kürkünə birə salıb. Onlar da cəbhədə təxribatlar törədib, bunu dünya ictimaiyyətinə fərqli tonlarla, guya ordumuzun təxribatları kimi çatdırmağa cəhd edirlər. Amma bu, artıq mümkün deyil. Ermənilər təcavüzkardır. Azərbaycanın haqqı var ki, ərazi bütövlüyünü təmin etmək üçün hər bir forma və metoddan istifadə etsin. Ona görə də ermənilər cəbhədə təxribatlara əl atmaqdansa, öz ərazilərinə çəkilməlidirlər”.
Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Ermənistanın bu təxribatlara əl atmasında iki mühüm amil rol oynayır: “Birincisi, Ermənistan Rusiyanın münaqişənin həllində ədalətli mövqe tutacağından narahatdır. Ermənistan tərəfi Putin-Əliyev görüşündən ciddi təşviş keçirirdi. Hazırda Ermənistan bu təxribatlarla nə etmək istəyir? Sübut etmək istəyirlər ki, Azərbaycan danışıqların tərəfdarı olduğunu bəyan etsədə, əslində atəşkəsi pozan tərəfdir, danışıqlardan yayınır.
İkinci amil isə ondan ibarətdir ki, Ermənistan bu təxribatlarla öz müttəfiqlərini prosesə cəlb etmək istəyir. Plan belədir: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir və Azərbaycan onlara zərbə endirir. Bundan sonra Ermənistan müttəfiqlərinin, yəni Rusiyanın məsələyə cəlb olunmasına çalışır. Hesab edirəm ki, ermənilərin təxribatlarının arxasında bu niyyətlər durur”.
Elvin Abdulqədirov
AzVision.az