Niyə pərvanə özünü oda atır? – ELMİ CAVAB
Pərvanənin özünü şama (eləcə də lampaya və ya hər hansı bir başqa işıq mənbəyinə) çırpması Təkamülün gedişində yaranan naviqasiya mexanizminin ziyanlı yan effektlərindən birinin səbəbindən baş verir.
Pərvanələr fəzada istiqamətlənmək üçün belə bir `alqoritim`dən istifadə edirlər. Tutaq ki, harasa uçanda sağ gözün gördüyü bir işıq mənbəyinə 30 dərəcə bucaq altında hərəkət edilib. Geri qayıdanda eyni qayda tərsinə tətbiq edilir: bu dəfə sol gözün gördüyü həmin işıq mənbəyinə nisbətdə 30 dərəcə bucaq altında uçmaq lazımdır.
Yəni lap sadə dildə desək, pərvanənin sinir sistemi onun bədəninə belə bir komanda verir: “Kursu elə saxla ki, sol tərəfdəki işıq mənbəyi həmişə 30 dərəcə bucaq altında görünsün”. Əlbəttə, həşərtlar bucaq ölçməyi bilmirlər, bu, şərti izahatdır. Həşəratların gözü milyonlarla mikroskopik `konuslardan` - ommatidlərdən ibarətdir. Tutaq ki, sinir sistemi komanda verir: “Uçuş kursu elə saxlansın ki, filan ommatidə düşən işıq şüası həmişə eyni yerdə qalsın”. Bu, elə bizim bildiyimiz anlayışla “həmişə 30 dərəcə bucaq saxlansın” demək olacaq.
Bu mexanizm milyon illər öncə yaranıb. O zamanlar işıq ancaq təbii mənbələrdən gəlirdi – Günəş, Ay, ulduzlar... Təkamül mexanizmi şüurlu “yaradıcı” deyil, o, proqnozlaşdıra bilməzdi ki, nə zamansa süni işıq mənbələri də yaradılacaq. Təbii mənbələr bizdən uzaq oluqları üçün onların şüaları paralel gəlir, buna görə də kompas kimi istifadə etmək olar. Amma yaxında olan işıq mənbələrindən şüalar paralel yox, bir nöqtədən çıxan millər kimi (velosiped təkərini təsəvvür edin) ətrafa yayılır. Ona görə də, pərvanə həmin mənbəni hər hansı bir iti bucaq altında saxlamaqla uçanda getdikcə daralan loqarifmik spiral cıza-cıza işıq mənbəyinə yaxınlaşır. Və bu trayektoriya sonda onun ölümü ilə nəticələnir.
Yəni, Yer Kürəsində süni işıq mənbələri olmayanda Təkamülün yaratdığı bu oriyentasiya mexanizmi ideal kompas kimi işləyirdi. Fəqət dövr dəyişdi, sivilizasiya formalaşdı, süni işıq mənbələri yaradıldı... amma Təkamül hələ ki, yaratdığı naviqasiya mexanizmini bu yeni reallığa uyğunlaşdıra bilməyib. Çünki Təkamül çox gec işləyir, bunun üçün milyonlarla il lazımdır. Nəticədə əvvəllər əla işləyən naviqasiya mexanizmi indi səhv nəticə verərək, pərvanəni aparıb oda atır.
Yeri gəlmişkən, bu məqam Təkamül tərəfdarları ilə Yaradılış tərəfdarları arasındakı mübahisədə ciddi arqumentlərdən biri ola bilər. Dediyimiz kimi, Təkamül şüurlu proses olmadığı üçün (bu, bir mexanizmdir) gələcəyi proqnozlaşdıra bilməzdi. Amma ali şüurlu Yaradıcı təbii ki, gələcəyi bilir və ona görə də, pərvanəni elə yaradardı ki, gələcəkdə süni işıq mənbələri meydana çıxanda onun naviqasiya mexanizmi yazıq həşəratı aparıb oda atmasın.
V.M.
AzVision.az