Xocavənddə partlayıcı qurğu aşkarlanıb

Xocavənddə partlayıcı qurğu aşkarlanıb
  01 Aprel 2025    Oxunub:820
Xocavənd rayonunun Bulutan kəndi ərazisində aparılan əməliyyatlar zamanı tərk edilmiş yaşayış evlərindən birində sürpriz partlayıcı qurğu aşkarlanıb.
Bu barədə AzVision.az -a Azərbaycanın Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vasitəsilə daxil olan müraciətə əsasən Agentliyin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd olunmuş ərazidə 1 ədəd PQ-7L raketinin üzərinə 105 ədəd atıcı silah patronlarının yapışqan lentlə bağlanması və partlayışın həyata keçirilməsi üçün əl qumbarası partladıcısından istifadə etməklə tələ məftili vasitəsilə quraşdırılmış partlayıcı qurğu aşkarlanıb.

Həmçinin fikri yayındırmaq məqsədilə partlayıcı qurğunun ətrafına çoxlu sayda fotoşəkillər səpələyiblər ki, onlardan birinə toxunduqda tələ məftili işə düşsün. Aşkar edilən partlayıcı qurğu Agentlik əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən kənarlaşdırılıb.

Məhz mülki təyinatlı ərazilərdə yerləşdirilən, sürpriz formaya salınmış bu kimi qurğular yüksək və ölümcül partlayış törətmək məqsədi ilə quraşdırılıb. Bildirilib ki, ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa, şübhəli əşyaya rast gəldikdə dərhal 805, 102 və ya 112 qaynar xətlərinə məlumat verməyə çağırır.

AzVision.az



Teqlər:





Xəbər lenti