İrəvan KTMT-ni maliyyələşdirməkdən boyun qaçırıb

 İrəvan KTMT-ni maliyyələşdirməkdən boyun qaçırıb
  31 Mart 2025    Oxunub:930
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) maliyyələşdirilməsini nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.
AzVision.az xəbər verir ki, Ermənistan Xarici İşlər nazirliyinin mətbuat xidməti belə məlumat yayıb.

“Ermənistan tərəfi KTMT katibliyinə qurumun Kollektiv Təhlükəsizlik Şurasının “2024-cü il üçün KTMT-nin büdcəsi haqqında” qərarını imzalamaqdan və təşkilatın nəzərdə tutan fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməkdən çəkindiyi barədə rəsmi məlumat verib”, - Ermənistan XİN “Sputnik Ermənistan” agentliyinin yazılı sorğusuna cavab verib.

Nazirlik KTMT-nin daxili prosedurlarına uyğun olaraq, illik büdcə haqqında məlumat ictimaiyyətə açıqlanmadığını da diqqətə çatdırıb.

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin martın əvvəlində yerli mediaya açıqlamasında bildirmişdi ki, əgər Ermənistan ilin sonuna kimi KTMT büdcəsinə töhfə verməsə, o zaman təşkilata üzv ölkələr müxtəlif ssenarilər nəzərdən keçirə bilər: “Çox güman ki, heç kimi qovmayacaqlar. Artıq digər dövlətlərin texniki, maliyyə və digər səbəblərdən borclanması halları olub”.

Xatırladaq ki, ötən ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dəki iştirakını dondurduğunu açıqlamışdı. Onun iddiasına görə, Ermənistanın təşkilata qayıtması getdikcə çətinləşir, hətta qeyri-mümkündür, çünki “geri dönüş nöqtəsi” artıq keçilib. May ayında isə İrəvan KTMT-nin 2024-cü ildə fəaliyyətini maliyyələşdirməkdən imtina etdi.

Həmin ayın sonunda Paşinyan, habelə, “ən azı iki KTMT ölkəsi”nin Azərbaycana Qarabağda Ermənistanla müharibəyə hazırlaşmağa kömək etdiyini açıqladı. O, bu dövlətlərin adını çəkməsə də, 2020-ci ildə hərbi əməliyyatların İrəvanın müstəqilliyinin ləğvinə yönəldiyini və bundan sonra belə cəhdlərin davam etdiyini söylədi. Paşinyanın iddiasına görə, həmin iki ölkə guya Ermənistana yardım imitasiyası yaradıb.

Onda Rusiyanın Xarici İşlər nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan rəhbərliyinin KTMT-yə qarşı bəyanatlarını ultimatum və təhiqramiz ritorika kimi qiymətləndirdi.

- 2022-ci ilin sentyabrında İrəvanın müraciəti ilə KTMT operativ şəkildə katibliyin və təşkilatın birgə qərargahının qiymətləndirmə missiyasını yaradaraq ölkənin sərhədyanı rayonlarına göndərdi. Nəticədə Kollektiv Təhlükəsizlik Şurası respublikada monitorinq missiyası yerləşdirmək qərarına gəldi. Lakin Ermənistan hakimiyyəti bunu rədd etdi və Avropa İttifaqı (Aİ) nümayəndələrini dəvət etməyə üstünlük verdi”, - Zaxarova diqqətə çatdırmışdı.

Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin isbə qeyd edib ki, Ermənistan hakimiyyəti KTMT-də iştirakını dondurmasına qərbdən təkan verilib. Rusiya diplomatiyasını rəhbəri Sergey Lavrov isə Paşinyanın “KTMT Ermənistanı bədbəxtlik zamanı atıb” ifadəsinin doğru olmadığını vurğulayıb.

Bununla belə, Ruisya XİN-nin iddiasına görə, Moskva məsələyə hələ də İrəvanın bütün hüquq və öhdəlikləri ilə KTMT-nin tamhüquqlu üzvü olaraq qalmaqda davam etdiyi mövqeyindən yanaşır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: KTMT   Ermənistan  





Xəbər lenti