Deputat Azərbaycana qarşı qərəzli yanaşmaları pislədi

   Deputat Azərbaycana qarşı qərəzli yanaşmaları pislədi
  01 Aprel 2025    Oxunub:844
Ənənəvi qaydada ölkəmizə qarşı qərəzli mövqe sərgiləyən bəzi qərb qurumları və siyasətçiləri son günlər yenidən tarixi faktları və mövcud reallıqları təhrif edən bəyanatlar səsləndiriblər.
xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev həmin qurumlara və şəxslərə qarşı sərt ittihamlar irəli sürüb.

Mən üç fərqli, amma fərqli olduğu qədər də bir-birinə bağlı məsələ haqqında fikir bildirmək istəyirəm. Onlardan biri türklərə qarşı törədilən bolşevik-daşnak soyqırımıdır. Ona görə türklərə qarşı ifadəsini işlədirəm ki, dünən 107-ci ildönümü olan və Arazın hər iki tayında baş verən soyqırımının ardından həmin cütlük Mərkəzi Asiyada da eyni vəhşilikləri törədib. Hesab edirəm ki, təəssübkeş və körpü dövlət olaraq bizim bir missiyamız da bu vəhşiliyi Xəzərin o tayındakı qardaşlarımıza da unutdurmamaqdır. Onun da yolu ilk növbədə Türk Dövlətləri Təşkilatı (TDT) platformasında həmin vaxt yaşananlara birgə siyasi qiymət verməkdən keçir.

Haqqında danışmaq istədiyim ikinci məsələ ABŞ-nin Beynəlxalq Din Azadlığı üzrə Komissiyasının illik qlobal hesabatında ərazisində fəaliyyət göstərən 900-dən çox dini icmanın haradasa 30 faizi müsəlman olmayanlardan ibarət Azərbaycanın xüsusi narahatlıq doğuran dövlətlər siyahısına salınması, Qərbi Azərbaycanda üç yüzdən artıq, Qarabağ və Şərqi Zəngəzurda 65 məscidi yer üzündən silən, alban kilsələrini özününküləşdirən monoetnik Ermənistanın isə din azadlığını tamamilə təmin edən ölkə kimi təqdimidir.

Xocalı soyqırımının törədilməsindən, Şuşa ilə Laçının ələ keçirilib Ermənistana dəhliz açılmasından və Naxçıvana gedən yolun tamamilə bağlanmasından sonra, yəni 1992-ci ilin oktyabrında guya Qarabağ haylarını blokadada saxladığımıza görə Azadlığa Dəstək Aktına 907-ci düzəlişlə bizə sanksiya tətbiq edənlərin bu hərkətlərinin də arxasında hay diasporunun səylərindən çox səlibçi zehniyyətinin dayandığına tam əminəm və qətiyyətlə pisləyirəm!

Sonda Almaniya Prezidenti Ştaynmayerin regiona səfərinə də toxunmaq istərdim. O, Ermənistana gələn gün dövlətinin maliyyələşdirdiyi “Deutsche Welle” də Qarabağda baş verənlərin Gebbelsəcinə saxtalaşdırıldığı sənədli film yayımlandı ki, cənab Ştaynmayerin rəsmi səhifəsində Almaniya Demokratik Respublikasının bayrağının deyil, “miatsum”çuların əski parçasının peyda olmasından da görünür ki, bu, qəsdən edilib.

Dövlətimizin reaksiyasını görüb o əski parçasını da, “Dağlıq Qarabağ” sözünü də “texniki səhv” adlandırıb rəsmi səhifəsindən yığışdırtdıran, ikinci dünya savaşında məğlubiyyətə uğradıqdan sonra ölkəsinin necə böyük kompensasiyalar ayırdığını yaxşı bilən Almaniya Prezidentindən soruşmaq istərdim, nasist soydaşlarının ötən əsrin 30-40-cı illərində etdiklərini təqribən yarım əsr sonra təkrarlayan, son günlər isə elə həm də onların ötürdüyü silahlarla atəşkəsi dəfələrlə pozan sevimli Ermənistanlarına nə məsləhət görərdi: törətdiyi vəhşiliyin bədəlini səlibçi zehniyyətlilərdən alacağı milyardlarlamı ödəsin, yoxsa elə yenə həmən Almaniyanın borc qarşılığında Yunanıstandan tələb etdiyi kimi Azərbaycana torpaqlarının bir hissəsinimi versin, daha dəqiqi qaytarsın?

Sahib Alıyev, millət vəkili
AzVision.az


Teqlər: Alıyev   qərəzlər   ittiham  





Xəbər lenti