Aİ Ukraynadan idxalı azaldacaq – AFP

Aİ Ukraynadan idxalı azaldacaq –    AFP
  30 Mart 2025    Oxunub:1291
Brüsselə görə, Kiyev üçün mövcud “fövqəladə” azad ticarət rejimi iyunda başa çatmalıdır.
Aİ Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını azaltmağı planlaşdırır. Bu barədə qurumun kənd təsərrüfatı üzrə komissarı Kristof Hansen AFP-yə bildirib. Onun sözlərinə görə, Kiyevə məhsulları heç bir tarif olmadan satmağa icazə verən "fövqəladə" rejim iyunda başa çatır və üzv dövlətlər artıq onu uzatmaq istəmirlər.

Qeyd edək ki, Brüssel 2022-ci ilin fevralında Moskva-Kiyev qarşıdurmasının başlamasından sonra Ukraynanın kənd təsərrüfatı məhsulları üçün tarifləri və kvotaları dayandırıb. Məqsəd Ukraynadan taxıl və digər kənd təsərrüfatı məhsullarının dünya bazarlarına daşınmasına imkan yaratmaq olub.

Komissar Hansen bloka üzv dövlətləri iyuna qədər əvəzedici həll yolu tapmağa çağırıb. 

Hansen etiraf edir ki, Aİ üzvləri Kiyev üçün azad ticarət rejiminin uzadılmasını istəmirlər. "Biz bunun bəzi üzv dövlətlərdə problemlər yaratdığını gördük" ,- o deyir.

Kütləvi fermer etirazları ilə üzləşən Polşa və Bolqarıstan da daxil olmaqla bir sıra Şərqi Avropa dövlətləri, narahatlıqlarına diqqət yetirilmədiyi təqdirdə, Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qarşı milli səviyyədə birtərəfli tədbirlər görəcəkləri ilə dəfələrlə hədələyiblər. Sofiya 2024-cü ilin sentyabrında Ukraynadan yumurta idxalına tamamilə qadağa qoymağa çağırıb.

Keçən həftə Reuters xəbər verdi ki, Aİ Ukraynadan şəkər idxalını “kəskin” azaltmağı planlaşdırır.

Kiyev isə xəbərdarlıq edir ki, azad ticarət rejiminə son qoyulmasının fəsadları ağır olacaq. Ukraynanın maliyyə naziri Sergey Marçenko bazar ertəsi Financial Times-a deyib: "Avropa İttifaqı əsas ticarət tərəfdaşımızdır və buna görə də, müharibədən əvvəlki şərtlərlə ticarət bizim ziyanımıza olacaq".
Məhəmmədəli Həsənli
AzVision.az




Teqlər:





Xəbər lenti