Beyruta hücumda ölənlərin sayı artıb

   Beyruta hücumda ölənlərin sayı artıb
  01 Aprel 2025    Oxunub:704
İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Livanın paytaxtı Beyrut şəhərinin cənubundakı yaşayış binasına aviazərbəsi nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, yaşayış binasına hücumu nəticəsində azı 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Bu, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta noyabrdan bəri ilk hücumudur. Ölənlərdən biri İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandiri, habelə Livan "Hizbullah"ının 3900-cü bölməsinin üzvü Həsən Bədirdir. Bildirilir ki, onun yaşadığı mənzil aviazərbənin tuşlandığı binada yerləşir. Həyatını itirən digər şəxslər Həsən Bədirin oğlu Əli ilə qonşuluqdakı gənc bacı və qardaşdır.
SEPAH komandiri öldürülüb

İsrail Ordusunun məlumatına əsasən, Həsən Bədir bu yaxınlarda HƏMAS ilə koordinasiyalı fəaliyyət göstərirərək, İsrailin mülki əhalisinə qarşı ciddi terror hücumu həyata keçirməyi planlaşdırırdı.

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvvaf Səlam hücumu pislədikləri barədə bəyanat yayıb, beynəlxalq müttəfiqləri ölkənin suverenlik hüququnu dəstəkləməyə çağırıblar.

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti