"Hizbullah" Livanı hərəkətə keçməyə çağırır

   "Hizbullah" Livanı hərəkətə keçməyə çağırır
  01 Aprel 2025    Oxunub:908
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" qruplaşmasının sözçülərindən biri İbrahim Musəvi rəsmi Beyrutu İsrailin hücumuna qarşı cavab verməyə çağırıb.
Beyrutda aviazərbənin endirildiyi yaşayış binasının yaxınlığında jurnalistlərə açıqlama verən Musəvi vurğulayıb ki, Livan hökuməti "ən yüksək səviyyədə effektiv reaksiya verməlidir".

"Bu, çox böyük hücumdur. Beynəlxalq ictimaiyyəti öz məsuliyyətini yerinə yetirməyə çağırmaq, vətəndaşların təhlükəsizliyi naminə labüd tədbirlər görmək lazımdır", - o bildirib.
Livanın Baş naziri: "Beyruta hücum atəşkəsin pozulmasıdır"

Xatırladaq ki, gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın paytaxtı Beyrut şəhərinin cənubuna aviazərbə endirib. Yaşayış binasına tuşlanan aviazərbə nəticəsində 3 nəfər həyatını itirib, yeddi nəfər xəsarət alıb. Bu, İsrail Hərbi Hava Qüvvələrinin Beyruta noyabrdan bəri ilk hücumudur. Məlumataa görə, aviazərbənin həyata keçirilməsində məqsəd bu ölkədə fəaliyyət göstərən "Hizbullah" qruplaşmasının rəhbər şəxslərindən birini zərərləşdirmək idi.

Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvvaf Səlam hücumu pislədikləri barədə bəyanat yayıb, beynəlxalq müttəfiqləri ölkənin suverenlik hüququnu dəstəkləməyə çağırıblar.

Ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   münaqişə  





Xəbər lenti