Həmin məmurlardan birinin iddiasına görə, Zelenskinin təklif etdiyi “qələbə planı” Vaşinqtonda soyuq qarşılanıb. ABŞ rəsmiləri Kiyevdən gələn il üçün ehtiyac duyduğu hərbi texnika, sənayenin inkişafına yardım və maliyyə dəstəyi də daxil olmaqla, yol xəritəsini hazırlamağı xahiş ediblər. Ukrayna prezidenti planın detalları üzərində işləmək üçün Vaşinqtona köməkçilərini göndərib.
“Qərb müttəfiqləri müharibəyə son qoymaq üçün konkret planın xeyrinə Kiyevə təzyiqləri artırdılar. Kiyev hələ öz planının bütün təfərrüatlarını açıqlamadığına görə, Ukrayna rəsmiləri onlara növbəti manevrlər üçün yer qoyacaq strateji qeyri-müəyyənlik elementindən istifadə edə bilər”, - agentlik həmsöhbətlərinin məlumatına istinadən yazır.
Ukraynanın NATO-ya qəbulu ilə bağlı danışıqlarla tanış olan digər mənbənin fikrincə, atəşkəs barədə müzakirələr zamanı ABŞ-dən etibarlı ikitərəfli təhlükəsizlik zəmanəti əslində Kiyevin alyansa üzvlüyü demək olacaq. Eyni zamanda o, bildirib ki, Moskva Ukraynanın NATO-ya üzvlüyünün qəti əleyhinə olduğuna görə, bütün tərəfləri danışıqlar masasına oturtmağa hansı formulun kömək edəcəyi bəlli deyil.
Kiyev qapalı sülh danışıqlarına başlayıb - "Financial Times" |
Maraqlıdır ki, bu arada Rusiya-Ukrayna münasibətlərinin sülh məcrasına yönəldilməsi üçün kifayət qədər səylər göstərmiş Macarıstanın baş naziri Viktor Orban hər iki dövlət başçısı ilə söhbətlərindən sonra onların heç birinin müharibəni dayandırmaq istəmədiyi qənaətinə gəldiyini açıqlayıb.
- Rusiya və Ukrayna liderləri qəti şəkildə zamanın onların tərəfində olduğuna inanırlar. Hər ikisi. Ona görə də heç bir güzəştə getmək, barışmaq istəmirlər. Bu mənim təəssüratım idi. Onlar döyüşmək istəyirlər. Bu isə Avropa üçün pisdir. Mən indi Ukrayna və ya Rusiya üçün nəyin yaxşı olduğuna diqqət yetirmirəm, mən Avropa baxımından, Avropanın nöqteyi-nəzərindən danışıram”, - Orban vurğulayıb.
Yeri gəlmişkən, Ukrayna prezidenti Volodimir Zelenskinin ofisi Ukraynada sülh üzrə ikinci Sülh sammitinin gələn ay baş tutmayacağını bildirib. Bununla belə, ona hazırlığın aparılmasının vacib olduğu vurğulanıb.
“İkinci sülh sammiti noyabrda baş tutmayacaq. Ancaq onu keçirmək üçün hər şey artıq hazır olmalıdır. Hələlik düsturun hər bir bəndi üzrə tematik konfranslar keçirilir və onlar kommünikenin qəbulu ilə yekunlaşır. Bu kommünikelərin əsas müddəaları ikinci sammitin qarşıdan gələn sülh planının əsasını təşkil edəcək. Oktyabrda sülh düsturunun bəndlərinə dair bir sıra tematik konfranslar keçiriləcək. Sonuncu belə konfrans oktyabrın 30-31-də baş tutacaq. İkinci sammitin vaxtı ilə bağlı qərar tematik konfranslar başa çatdıqdan sonra veriləcək”, - Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Darya Zarivnaya deyib.
Xatırladaq ki, KİV-lər Ukrayna hakimiyyətinin ikinci Sülh sammitinin ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi baş tutmasını istədiyini yazırdı. İyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində baş tutan birinci sammitdən fərqli olaraq, bu dəfə tədbirə Rusiyanın dəvət edilməsi də nəzərdə tutulurdu. Lakin Rusiyanın Xarici İşlər nazirliyi sammitə qatılmaqdan imtina edib.
Əslində Kiyevin can atdığı ikinci Sülh sammitinin təxirə salınması Ukraynanın güzəştə getməsi üçün Qərbin Zelenski hökumətinə ciddi təzyiqlər göstərdiyi və onun artıq Moskva ilə pərdəarxası danışıqlar apardığı barədə ehtimalları xeyli gücləndirir. Belə ki, ikinci Sülh sammitinin əvvəlcədən planlaşdırıldığı vaxtda keçirilməsi üçün Vaşinqtonun siyasi iradəsi yetərli idi.
Lakin Volodimir Zelenskinin “sülh planı”nın Ağ Evdə soyuq qarşılanmasından, habelə Baydenin və Blinkenin “Ramştayn” formatında keçiriləcək növbəti yığıncağa gələ bilməyəcəklərini elan etməsindən sonra bu tədbirin də təxirə salınması bir çox pərdəarxası məqamlardan xəbər verir. Halbuki, oktyabrın 10-dan 13-dək Almaniyada keçirilməsi planlaşdırılırılan “Ramştayn” yığıncağında 20-yə yaxın dövlət və ya onların hökumət rəhbərlərinin iştirakı, habelə Zelenskinin öz “qələbə planı”nı təqdim edəcəyi gözlənilirdi.
Sahil İsgəndərov
AzVision.az