Britaniya əks-kəşfiyyatı: “Rusiya xaos yaratmaq istəyir”

   Britaniya əks-kəşfiyyatı:    “Rusiya xaos yaratmaq istəyir”
  09 Oktyabr 2024    Oxunub:296
Rusiyanın kəşfiyyat xidmətləri “Britaniya və Avropa küçələrində xaos yaratmaq” məqsədi güdürlər.

AzVision.az “BBC” yayım şirkətinin yaydığı məlumata istinadən xəbər verir ki, Böyük Britaniyanın Mİ5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum Londonda keçirilən antiterror əməliyyatları mərkəzinin iclasında çıxışı zamanı belə deyib.

Makkallum Böyük Britaniyanın hazırda Rusiya və İran kimi ölkələrin, eləcə də terror təşkilatlarının hərəkətləri səbəbindən tarixinin ən mürəkkəb və çoxqatlı təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb. O, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri, Avropadan qovulmuş 750-dən çox rus diplomatının çoxunun casus olduğunu diqqətə çatdırıb.

Böyük Britaniya əks-kəşfiyyatının rəhbərinin iddiasına görə, bu tədbirlər Rusiyanın kəşfiyyat orqanlarının imkanlarını zəiflətdiyi üçün onlar indi kriminal dairələrin nümayəndələrinə və üçüncü ölkələrin vətəndaşlarına müraciət edərək “yandırma, təxribat və daha çox şey törətmək" məcburiyyəti qarşısında qalıblar. Bununla belə, Rusiya xüsusi xidmət orqanlarının “xaos yaratmaq missiyasından” əl çəkməyiblər.

“Britaniya əks-kəşfiyyatının rəhbəri hansı hərəkətləri nəzərdə tutduğunu açıqlamayıb. Lakin bu yaxınlarda Britaniya və digər Avropa ölkələrinin hakimiyyət orqanları Rusiya hakimiyyətinin sifarişi ilə bir neçə iddia edilən təxribat sifarişləri və təxribatın təşkilinə yönəlmiş bir sıra sui-qəsdlərin aşkarlanması barədə məlumat veriblər”, - BBC qeyd edib.

Ken Makkallum Britaniya kəşfiyyat xidmətlərinin və polisinin 2022-ci ildən bəri İranın dəstəyi ilə təşkil edilmiş 20 sui-qəsdin üstünü açmağa nail olduğunu deyib. Söhbət habelə sui-qəsdlərin hazırlanmasından da gedir. O, Çinin kəşfiyyat xidmətlərinin isə, əsasən sənaye və elmi casusluqla məşğul olduqlarını bildirib.

MI5 xidmətinin rəhbəri qeyd edib ki, terrorizmlə bağlı təhdidlər və digər ölkələrin hökumət kəşfiyyat orqanlarından gələn təhdidlərin birləşməsi onun kəşfiyyat idarəsinin “işinin çox çətin” olduğundan xəbər verir. Ken Makkallum planlarının üstü açılmış potensial terrorçuların təxminən 75%-nin islamçılar, 25%-nin isə ifrat sağçılar olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: London   kəşfiyyat   Rusiya  





Xəbər lenti