Kiyev qapalı sülh danışıqlarına başlayıb - "Financial Times"

   Kiyev qapalı sülh danışıqlarına başlayıb    - "Financial Times"
  08 Oktyabr 2024    Oxunub:900
Ukrayna Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin üçüncü qışına hazırlaşır. Müdafiə Qüvvələri ölkənin şərqində gücləndirilmiş mövqelərini itirirlər. Hərçənd məlum uğurlar ruslara böyük itkilər bahasına başa gəlir.
Bu fikirlər "Financial Times"də drəc olunan məqalədəndir. Müəllif yazıb ki, artıq həm Kiyevdə, həm Vaşinqtonda, həm də bəzi Qərb ölkərinin paytaxtlarında münaqişə ilə bağlı siyasi əhval-ruhiyyə dəyişir.

Əgər əvvəllər müharibənin yalnız Rusiya ordusunun Ukraynanın bütün ərazilərini tərk edəcəyi halda başa çatacağına dair qətiyyət nümayiş etdirilirdisə, indi vəziyyət dəyişib. Hazırda Kiyev üçün ən yaxşı variant münaqişənin ölkənin əksər hissəsini toxunulmaz saxlayan danışıqlar yolunu seçməkdir. Ukraynalılar belə bir seçimi istəməsələr belə onu qəbul edəcəklər: "Lakin Kiyevin arxasında bu məqsədə çatmaq üçün dəstəy alacağı qüvvə də qalmayıb. Ukraynanın məlum mövzuda perspektivləri ilk növbədə respublikaçı Donald Trampın prezident seçkilərində mümkün qələbəsi ilə arta bilər".

Qərb Ukraynanı alman modeli ilə bölməyə hazırlaşır - "Financial Times"
Nəşr xatırladıb ki, Ağ Evin keçmiş rəhbəri dəfələrlə müharibənin tez bir zamanda bitməsinə çalışacağını bəyan edib. Bəzi ABŞ və Avropa rəsmiləri isə ümid edirlər ki, Tramp daha məqbul variant seçə bilər. Yəni Tramp heç olmasa Kiyevi Moskva ilə gələcəkdə Qərb ölkələrinin təhlükəsizliyi üçün ciddi risklər yarada biləcək əlverişsiz sövdələşməyə məcbur etməkdən qoruyacaq.

Qətiyyətli mövqenin dəyişməsinə İsrail amili də təsir edib. Yaxın Şərqdə müharibə daha geniş şəkildə alovlandıqca, əvvəllər Rusiya üzərində qələbənin zəruriliyindən danışıb təkid edən Qərb ölkələri öz planlarına yenidən baxırlar: "Bəzi Kiyev rəsmiləri də gileylənirlər. Onların Rusiyanın zəbt etdiyi bütün əraziləri geri almaq üçün kadr, silah-sursat potensialı və Qərbdən yetərli dəstəyi yoxdur. Ona görə də bağlı qapılar arxasında Rusiya Federasiyasının işğal olunmuş əraziləri əlində saxlamasını nəzərdə tutan bir saziş müzakirə olunur. Bir sözlə, plan belədir-Moskva Ukrayna ərazilərinin təxminən beşdə biri üzərinə de-fakto nəzarəti davam etdirir. Kiyevin qazancı isə budur ki, o, ölkənin qalan hissəsi ilə birgə NATO-ya qoşula biləcək. Yaxud da. buna ekvivalent olaraq ən yüksək səviyyədə təhlükəsizlik zəmanətləri veriləcək".

Ukrayna belə bir çətir altında "Soyuq Müharibə" dövründəki Qərbi Almaniya kimi surətlə bərpa oluna və Avropa İttifaqı (Aİ) ilə sıx inteqrasiya edə bilər. Bu cür ssenari hələ ki, fərziyələrə əsaslanır. İlk növbədə ABŞ və onun yaxın müttəfiqləri Kiyevə NATO-ya üzvlük və ya bununla bağlı yüksək təminatı təklif etməyə hazır olmalıdırlar. Amma görünən odur ki, Qərb siyasətçiləri indiyədək Kiyevə alyansa qoşulmaq üçün zəmanət verməkdən çəkiniblər.

Məqalədə o da vurğulanıb ki, əslində Rusiya prezidenti Vladimir Putini belə bir ssenarinin uyğunluğuna, danışıqları qəbul etməyə inandırmaq olar. Amma ortada bir prinsipial məsələ var. Kremlin elan etdiyi hərbi məqsədlərdən biri də bu idi ki, Ukraynanın NATO-ya daxil olmasına mane olmaq lazımdır. Putin son uğurları ilə ordusunun hələ də daha çox ərazini fəth edə biləcəyinə inanırsa, onun sülh üçün mövcud torpaqlarda qalmaqla bağlı danışıqlara razılıq verməyə həvəsinin olub-olmaması da sual altındadır.

"Financial Times" bundan öncə Qərb ölkələrində Ukraynanın bölünməsi məsələsinin müzakirəyə çıxarılması barədə məqalə dərc etmişdi. Yazıda qeyd edilib ki, ukraynalılara Almaniya Federativ Respublikası(AFR) və Almaniya Demokratik Respublikasının(ADR) yaradılması nümunə göstərilib.

Qeyd edək ki, son zamanlar Avropa liderləri də bu mövzuda diqqət çəkən açıqlamalar verirlər. Məsələn, Avropa diplomatiyasının rəhbəri Josep Borrel bildirib ki, əgər Qərb Ukraynaya dəstəyini dayandırsa, müharibə 15 günə bitəcək. Lakin qazanan yalnız Putin olacaq.

Eyni zamanda, Estoniya prezidenti Alar Karis də bu mövzuda həyəcan təbili çalıb. O, hər kəsi Ukraynaya bəzi hərbi yardımlarla bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Karis qeyd edib ki, Rusiya hazırda Şimali Koreya və İrandan gələn silahlardan məhdudiyyətsiz istifadə edir. Qərb isə əksinə davranır. Ukraynaya özünü müdafiə üçün Qərb silahlarından necə istifadə etməsinə məhdudiyyətlər qoyulur. Məsələn, Rusiyanın dərinliklərinə zərbə endirmək olmaz...
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Sülh   Qərb   Rusiya   Münaqişə  





Xəbər lenti