Yer daha bir Ay tutub: Hazırda iki peykimiz var

Yer daha bir Ay tutub: Hazırda iki peykimiz var
  07 Oktyabr 2024    Oxunub:5268
Yer kürəsi avqustun 7-də ATLAS astronomik tədqiqat sistemi tərəfindən aşkarlanmış "2024 PT5" adlı asteroidi cazibəsinə salaraq, ikinci təbii peykinə çevirib.
"IOPscience" elmi jurnalında yayımlanmış məqalədə deyilir ki, Yer kürəsi sentyabrın 29-da sözügedən asteroidi öz cazibəsinə salıb. Bu maraqlı hadisə ilk dəfə İspaniyanın Madrid şəhərində yerləşən Komplutense Universitetinin astronomları tərəfindən qeydə alınıb.

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun astronomu Riçard Binzelin sözlərinə görə, belə "ikinci Ay" hadisəsi, əslində, mütəmadi baş verir. "Onlar çox kiçik və aşkarlanması çətindir, odur ki nadir hallarda görürük. Yalnız bu yaxınlarda həmin "kiçik Ayı" ı müəyyənləşdirə biləcək texniki səviyyəyə çatmışıq", - alim vurğulayır.
(Massaçusets Texnologiya İnstitutunun astronomu Riçard Binzel)

Yer kürəsinin öz orbitinə çəkib müəyyən müddətdə saxladığı asteroidlər "kiçik Ay" adlanır. Həmin asteroidlər əsasən Günəşin ətrafında fırlansalar da, Yerə yaxınlaşanda onun cazibə qüvvəsinə məruz qalırlar. Amma bu izdivac müvəqqəti olur: müəyyən nöqtədə onlar Yerin cazibəsindən qoparaq, yenidən Günəş ətrafında dolanırlar.
Alimlər belə asteroidləri Yerə yaxın obyektləri daha yaxşı öyrənmək, Günəş sisteminin iş prinsipi ilə bağlı daha çox məlumat almaq baxımından çox əhəmiyyətli sayırlar.

NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının məlumatına görə, 2024 PT5 asteroidinin "ikinci Ay" funksiyası isə çox qısa müddətdə, yəni noyabrın 25-də başa çatacaq. Bildirilir ki, o, Günəşdən təqribən 93 milyon mil məsafədə yerləşən "Arcuna" asteroid qurşağının bir hissəsidir.

(Yer kürəsi, Ay və "ikinci Ay"ın şərti quruluşu)

"Bəzi "Arcuna" asteroidləri təqribən 2,8 milyon mil məsafədə Yerə yaxınlaşaraq, saatda 2200 mildən az sürətlə orbitdə fırlanırlar. Ona görə də "2024 PT5" asteroidi Yer ətrafında tam dövrəni başa vura bilməyəcək. Belə maraqlı bənzətmə ilə desək, əgər əsl peyk, yəni Ay mağazaya girib nəsə almaq istəyirsə, bu cür asteroidlər sadəcə vitrinə baxıb keçirlər", - Komplutense Universitetinin professoru, "kiçik ay" eksperti Karlos de la Fuente Markos söyləyib.
Emin Əmrullayev "Cisco" şirkətinin nümayəndələri ilə görüşüb

Beləliklə, "2024 PT5" noyabrın axırında Yer kürəsinin cazibəsindən ayrılaraq, "Arjuna" ailəsi ilə birgə Günəş ətrafında səyahətinə qayıdacaq. O, əsl Ay kimi milyardlarla il Yerin ətrafında qalmasa da, "kosmik qonşuluğumuz"un dinamik təbiətindən xəbər verir.

Şübhəsiz ki, "ikinci Ay"ı adi gözlə və həvəskar teleskopla görmək qeyri-mümkündür. Çünki o, çox kiçik və tutqundur. Nəzərə almaq lazımdır ki, Ayın diametri 3474 kilometr, onun "kiçik rəqibi"nin diametri isə cəmi 12 metrdir, yəni Aydan 300 min dəfə balacadır. Onu ancaq peşəkar astronomların işlətdikləri teleskoplarla izləmək olur.

Firudin Həmidli
AzVision.az


Teqlər: Elm   Ay   Kosmos  





Xəbər lenti