Qazaxıstan atom enerjisinə "hə" dedi

   Qazaxıstan  atom enerjisinə "hə"  dedi
  07 Oktyabr 2024    Oxunub:578
Qazaxıstanda ötən gün keçirilmiş referendumun ilkin nəticəsinə əsasən, əhalinin 71,12%-i ölkədə atom elektrik stansiyasının tikilməsini dəstəkləyir.
Bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov mətbuata verdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, əhalinin təqribən 5 milyon 600 min nəfəri ölkədə atom enerjisi müəssisəsinin qurulması ilə razıdır.

Referendumda əhalinin ümumilikdə 7 milyon 820 min 204 nəfəri (63,66%) iştirak edib. Onlardan 2 045 271-i (26,15%) əleyhinə səs verib,

Xatırladaq ki, bir müddət əvvəl "AzVision.az" saytı Azərbaycanda da atom elektrik enerjisindən istifadə məsələsinə toxunmuşdu. AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru, kimya elmləri doktoru, professor İslam Mustafayev müsahibəsində vurğulamışdı ki, atom enerjisinin xüsusilə dəniz suyunun şirinləşdirilməsi prosesində istifadə mümkündür. Qonşu ölkələrin bu istiqamətdə təcrübələrini diqqətə çatdıran professorun sözlərinə görə, İranda dəniz suyunun şirinləşdirilməsi məqsədilə 3 qurğunun, habelə Türkiyədəki Akkuyu AES-in yanında qurğuların inşası nəzərdə tutulur:
Su üçün atom | VİDEOMÜSAHİBƏ

"Nüvə enerjisinin istifadəsi və bu sahədə tədqiqatların aparılmasında Azərbaycanda da kifayət qədər təcrübə var. 1958-ci ildə AMEA-nın Neft-Kimya prosesləri institutunun tərkibində Radiasiya Kimyası laboratoriyası açılıb. Bu laboratoriya ilkin mərhələdə kadrlar hazırlamağa, müəyyən potensial yaratmağa hədəflənmişdi. Həmin laboratoriyanın 10 illik fəaliyyətindən sonra SSRİ Nazirlər Kabinetinin qərarı ilə 1969-cu ildə Azərbaycanda Radiasiya Tədqiqatları sektoru yaradıldı. Bu sektor SSRİ-də ən tanınan mərkəzlərdən biri kimi 2002-ci ilə qədər böyük yol keçdi. 70-ci illərinin ortalarında Azərbaycanda - Nəvaidə AES-in tikintisinə başladı. O vaxt atom reaktorunun hətta təməli də qoyuldu. Sonra müxtəlif mübahisələr getdi, nəhayət, Çernobıl hadisəsindən sonra layihəni dondurdular. 2014-cü ilin mayında Prezident İlham Əliyev Tədqiqat-Nüvə reaktorunun tikilməsi və o Nüvə Tədqiqatları mərkəzinin yaradılması barədə Sərəncam imzaladı. Məsələ yenidən gündəmə qayıtdı. Ölkəmizdə nüvə enerjisinin istehsalı ilə bağlı institusional və insan potensialı sürətlə yaradılmaqdadır".

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qazaxıstan   AES   Azərbaycan  





Xəbər lenti