Bloomberg: “Berluskoni ailəsi hakimiyyətə qayıtmaq istəyir”

      Bloomberg:    “Berluskoni ailəsi hakimiyyətə qayıtmaq istəyir”
  08 Oktyabr 2024    Oxunub:356
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin iki böyük övladı - Marina və Pier Silvio məsləhətçiləri və tərəfdaşları ilə siyasi ambisiyalarını müzakirə edirlər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” nəşrinin yazdığına görə, baş nazir Corci Meloninin rəhbərliyi altında hakim koalisiya daxilində ziddiyyətlər artdıqca onlar siyasətə fəal maraq göstərməyə başladılar. Berluskoni ailəsi iyul ayından indiki Xarici İşlər naziri Antonio Tayani və Berluskoninin keçmiş hökumət katibi, vaxtilə İtaliyanın “boz kardinalı” sayılan Canni Letta ilə müntəzəm məsləhətləşmələr aparır.

Marina və Pier Silvio iqtisadiyyat, biznes imperiyası və atalarının rəhbərlik etdiyi “Forza Italia (İtaliya İrəli)” siyasi partiyasının perspektivləri haqqında fikirlərini bölüşürlər. Agentliyin məlumatına görə, onlar partiyanın qocalmış sıralarının cavanlaşdırmaq və hakim koalisiyada böyük tərəfdaş olan Corci Meloninin “İtaliyanın Qardaşları” partiyasına necə etiraz etmək ətrafında müzakirələr aparırlar.

Dünyasını dəyişmiş Silvio Berluskoninin övladları hökumət siyasətinə də təsir göstərməyə çalışırlar: onlar bankların mənfəətinə yeni komissiyaların tətbiqi cəhdinə bənzər növbəti uğursuzluqların qarşısını almağı xahiş ediblər.

“Berluskonilər hazırlaşır. Əgər Meloni böhran içində olsa və hakimiyyət boşluğu yaranarsa, biz hətta onlardan birinin döyüşmək üçün çıxdığını da görəcəyik”, -
Romadakı LUISS Universitetinin siyasət kafedrasının müdiri Covanni Orsina deyib.

2022-ci ilin oktyabrından İtaliya hökumətinə rəhbərlik edən Corci Meloni təxminən iki il ərzində öz mövqeyini möhkəmləndirsə də, bununla belə, bir sıra çətinliklərlə üzləşib: kəşfiyyat orqanları və onun koalisiya müttəfiqi, Rusiyaya dost olan “Liqa” partiyası ilə çətin münasibətlərin yaranması bu məqamlardandır. Onun büdcə siyasəti ilə bağlı Avropa İttifaqı (Aİ) rəhbərliyi ilə münaqişəsi də diqqətdən yayınmayıb. Bu həftə “Il Fatto Quotidiano” portalı onlayn-çatda Meloninin həmkarları ilə qəzəbli yazışmalarını dərc edib.

Xatırladaq ki, 1994-cü ildən 2011-ci ilə qədər dörd müddət ərzində İtaliya hökumətinə rəhbərlik etmiş Silvio Berluskoni, bir sıra qalmaqallardan və təqiblərdən sonra istefa verib. 2023-cü ilin yayında siyasətçi 87 yaşında vəfat edib.

“Bloomberg” yazır ki, Berluskoninin övladlarının siyasət naminə biznes imperiyasını idarə etməkdən nə qədər uzaqlaşmaq istəməsi analitiklər üçün sirr idi. Belə ki, Marina “Fininvest” ailə holdinqini, Pyer Silvio isə əvvəllər “Mediaset” kimi tanınan “MFE-MediaForEurope NV” media konqlomeratını idarə edir.

Silvio Berluskoni təxminən on il əvvəl oğlu Silvionun siyasi karyeraya başlamasını istəsə də, onda Pyer bu barədə düşündüyünü, hələlik isə özünü yayım şirkətinə həsr etdiyini deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Berluskonilər   hakimiyyət   qayıdış  





Xəbər lenti