Müharibəyə "Yaxın" Şərq

    Müharibəyə  "Yaxın" Şərq
  04 Oktyabr 2024    Oxunub:1489
Fələstinin HƏMAS və Livanın "Hizbullah" terror təşkilatlarının liderlərinin öldürülmələrinə cavabən İranın İsrailə böyük raket hücumu həyata keçirməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Bu gərginlik regionun adıçəkilən iki qabaqcıl ölkəsinin genişmiqyaslı müharibədə üz-üzə gəlməsinə gətirib çıxara bilər.
İran ötən günlərdə İsrailin əsasən strateji əhəmiyyətli hərbi obyektlərinə, o cümlədən "Mossad" xarici kəşfiyyat agentliyinin Tel-Əvivdəki qərargahına, Nevatim Tel-Nof aviabazalarına 200-dən artıq raket zərbəsi endirib. Siyasi analitiklər vurğulayırlar ki, bu, İranın İsrailə qarşı tarixdə ən ağır hücumu idi.

İsrailin "Dəmir Günbəz" adlı hava hücumundan müdafiə sistemi raketlərin əksəriyyətini hədəfə çatmadan zərərsizləşdirsə də, bir çox uğurlu zərbə nəticəsində ölkənin mərkəzində əhəmiyyətli dağıntılar meydana gəlib, eləcə də partlayış dalğaları yaşayış binalarına ziyan vurub. İsrail bu hücuma "mütləq cavab verəcəyini" bildirsə də, regiondakı şərait başqa təhlükələrə açıqdır.

Məlumdur ki, İran və İsrail bilavasitə hərbi toqquşmaya girməkdən həmişə qaçınıblar. Tehran regiondakı bir sıra terror qruplaşmasından: "Hizbullah", HƏMAS, eləcə də Yəməndə fəaliyyət göstərən husilərdən İsrailə qarşı "zərbə mexanizmi" kimi faydalanıb. Hazırda isə İranın bu ölkəyə il ərzində ikinci birbaşa raket hücumu göstərir ki, o öz strategiyasını dəyişib və daha aqressiv addımlar atmağa hazırdır.

Xatırladaq ki, 2024-cü ilin 1 aprelində İsrail İranın Dəməşqdəki səfirliyini bombalamış, nəticədə 16 nəfər, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölmüşdü. Tehran, öz növbəsində, aprelin 13-də İsrailə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə birbaşa cavab zərbələri endirmişdi.

(İranın raket hücumu nəticəsində İsraildə əmələ gələn dağıntılar)

İranın oktyabrın 1-də baş tutan son hücumu isə miqyasca daha böyük idi. Üstəlik, aprel hücumundan fərqli olaraq, bu dəfə qabaqcadan xəbərdarlıq verilməyib və daha çox ballistik raketlərdən istifadə edilib. Nəticədə İsrailin mülki əhalisi və infrastrukturu üçün ciddi təhlükə yaranıb.

ABŞ İsrailin əsas müttəfiqi kimi münaqişəyə dərhal müdaxilə edərək, Tehrandan atılan raketlərin bir çoxunu regiondakı qüvvələri sayəsində zərərsizləşdirib, həmçinin əraziyə əlavə qoşun və hərbi gəmilər göndərib. "Pentaqon" rəhbəri Lloyd Ostin və başqa hökumət nümayəndələri diqqətə çatdırıblar ki, "Vaşinqton Yaxın Şərqdəki maraqlarını qoruyacaq və istənilən təcavüzə qarşı İsrailə dəstək verəcək". Bu kimi açıq bəyanatlar ABŞ-nin regiondakı şəraitə ciddi təsirindən xəbər verir. Yeri gəlmişkən, ABŞ qüvvələri İranın himayəsindəki terror qruplaşmaları tərəfindən tez-tez hücumlara məruz qalır. Məsələn, yanvarda İordaniyadakı bazaya PUA hücumu zamanı üç amerikan əsgəri həyatını itirmi, 40-dan çoxu yaralanmışdı.

("Hizbullah" terror təşkilatının sabiq lideri Həsən Nəsrullah)

İsrail və İranın himayəsindəki qruplaşmalar arasında münaqişənin diplomatik həll yoluna gəlincə, bu, ya digər danışıqlar uğursuzluqla nəticələnib. İstər "Hizbullah"la atəşkəs, istərsə də HƏMAS-la əsir mübadiləsi üzrə müzakirələrdə hər hansı irəliləyiş yoxdur. Əksinə, münaqişə daha da qızışır: "Hizbullah" lideri Həsən Nəsrullahın Beyruta aviazərbə ilə öldürülməsinin ardınca İsrail Livanda bu təşkilata qarşı quru əməliyyatına başlayıb. Bu kampaniya nəticəsində Livanın infrastrukturu dağılıb, mindən artıq insan ölüb, milyondan çoxu isə yurd-yuvasından didərgin düşüb.

Son vaxtlaradək ABŞ diplomatları belə qənaətdə idilər ki, İranın İsrailə qarşı mümkün genişmiqyaslı hücum təhlükəsi sovuşub. Hərçənd Həsən Nəsrullahın aradan götürülməsi və Livanda kampaniya təhlükəni yenidən doğurub. Hər halda, gərgin vəziyyətə, aqresiv ritorikaya baxmayaraq, hər iki tərəf müharibədən yayınmağa çalışır. İran raket hücumunu müharibə addımı kimi yox, İsrailin Yaxın Şərqdə yaratdığı eskalasiya riskinə cavab kimi qiymətləndirir. Eyni zamanda, rəsmi Tehran vurğulayır ki, İsrail cavab əməliyyatına keçərsə, növbəti daha ağır zərbələr qaçılmazdır.

(İsrail hərbçiləri Livanda)

İsrail də, öz növbəsində, hücuma cavab üçün müxtəlif ssenariləri gözdən keçirir. İran ərazisindəki neft nüvə obyektlərinin vurulması əsas plan kimi görünür. Keçmiş (2021-2022) Baş nazir Naftali Bennet "nüvə silahının yaradılmasının qarşısını almaq məqsədilə" bu işi məqbul sayır. Halbuki belə bir plan İsrail və onun regiondakı digər müttəfiqləri arasında gərginliyi artıra bilər.

İstənilən ssenariyə, plana, diplomatik həll yolu üzrə danışıqlara baxmayaraq, İran və İsrail münaqişəsi fonunda Yaxın Şərqdə vəziyyət indi ən gərgin nöqtədədir. Bu münaqişə təkcə qarşı tərəflərin yox, eləcə də onların müttəfiqlərin, habelə ABŞ-nin iştirakı ilə genişmiqyaslı regional müharibə riskini daşıyır. Beynəlxalq ictimaiyyət həm regionda, həm də ondan kənarda ağır nəticələrə gətirib çıxara biləcək mümkün müharibənin qarşısını almaq üçün fəal səy göstərməlidir. Son dərəcə qeyri-sabit vəziyyətdə diplomatların danışıqlar masasına əyləşəcəyimi, yaxud Yaxın Şərqin geniş müharibəyə girəcəyimi, yəqin ki, yaxın günlərdə müəyyənləşəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Yaxın-Şərq   İran   İsrail   münaqişə  





Xəbər lenti