Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib

Cinayət və İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib
  04 Oktyabr 2024    Oxunub:1192
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin genişləndirilmiş tərkibdə iclası keçirilib.
Komitə sədri Əli Hüseynli gündəliyə 3 məsələnin daxil olduğunu diqqətə çatdırıb. Əvvəlcə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Təqdim olunan qanun layihəsi çərçivəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin təkmilləşdirilməsi, cəzalarla bağlı təkliflər müzakirə olunub. Bildirilib ki, qanunvericilikdəki dəyişikliklər cəmiyyətin tələblərinə uyğunlaşdırılıb və hüquqi mühitin daha da inkişaf etdirilməsi məqsədini daşıyır. Həmçinin dəyişikliklərin cəmiyyətə fayda gətirəcəyi, vətəndaşların hüquqlarının daha effektiv qorunması üçün vacib olduğu qeyd edilib.

İclasda iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov sağlamlıq və sosial xidmət sahəsindəki problemlərin aradan qaldırılması üçün qanunvericilikdəki dəyişikliklərin zəruriliyini vurğulayıb. O, cəmiyyətin sağlamlığının qorunması və vətəndaşların sağlamlıq hüquqlarının müdafiəsi istiqamətində atılacaq addımların əhəmiyyətini diqqətə çatdırıb.

İclasda iştirak edən Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə müvafiq qanunvericilik dəyişikliklərinin ekosistemin qorunması baxımından vacib olduğunu bildirib. O, təbii ehtiyatlar məsələsinə toxunub, araq, ekoloji balansın qorunmasının cəmiyyətin rifahı üçün əhəmiyyətini vurğulayıb.

Sonra qanun layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Komitə üzvləri növbəti məsələləri - Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini birinci oxunuşda müzakirə ediblər. Bildirilib ki, təqdim edilən qanun layihəsi tullantıların insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması məqsədilə tullantıların idarə olunması sahəsində qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Dəyişikliklərə əsasən tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət olunmamasına görə inzibati cərimənin tətbiq edilməsi, habelə həmin məmulatların tullantılarının ətraf mühitə təkrar atılmasına görə sanksiyanın müəyyən edilməsi təklif olunur.

Qeyd olunub ki, piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasını nəzərdə tutan müvafiq maddələrdən “bayıra hər hansı əşya və tullantıların atılması” sözlərinin çıxarılmasında məqsəd isə bu xətaları ümumiləşdirərək Məcəlləyə yeni maddənin əlavə edilməsidir. Həmçinin dəniz və çay nəqliyyatı gəmilərindən, dəmir yolu nəqliyyatı vasitələrindən tullantıların atılmasına görə də inzibati tənbehlər təklif olunur.

Müzakirələr zamanı deputatlar təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar. Daha sonra qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti