Nazir: "Livanda 1 milyon insan didərgin düşüb"

      Nazir:    "Livanda 1 milyon insan didərgin düşüb"
  03 Oktyabr 2024    Oxunub:1249
"İsrail Ordusunun son vaxtlar Livana qarşı artan hücumları fonunda 1,2 milyon vətəndaşımız öz yurd-yuvasından didərgin düşərək təhlükəsiz ərazilərə sığınmağa məcbur qalıb".
Bu sözləri Livanın ətraf mühit naziri Nasir Yasin ölkənin milli xəbər agentliyinə açıqlamasında deyib.

"Onları münasib yerlərdə məskunlaşdırmaq üçün cidd-cəhdlə çalışırıq. Hazırda əsasən Beyrut və Livan dağı ətrafında 870-dən çox sığınacaq var", - o vurğulayıb.

Yasinin sözlərinə görə, bir çox ərəb ölkəsi, o cümlədən Misir və Qətər, eləcə də Fransa tərəfindən İsrail və "Hizbullah" arasında getdikcə şiddətlənən münaqişənin həlli istiqamətində müxtəlif təşəbbüslər irəli sürülür.

(Livanın ətraf mühit naziri Nasir Yasin)

"Hərçənd İsrail tərəfi beynəlxalq qanunlara, qətnamələrə məhəl qoymur. Livan hökuməti ölkədə baş verənlərlə bağlı ictimaiyyətin məlumatlılığını artırmaq, ölkəni və xalqı qorumaq məqsədilə aktiv diplomatik danışıqlar aparır", - nazir bildirib.
Livan XİN: "Nəsrullah atəşkəslə razılaşmışdı" - VİDEO

Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Öz növbəsində, "Hizbullah"ı dəstəkləyən İran İsrailə qarşı genişmiqyaslı raket hücumu həyata keçirib ki, bu da Yaxın Şərqdə ümumi vəziyyəti daha da gərgin hala gətirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   münaqişə  





Xəbər lenti