Universitetlərdən əsas gözləntilərimiz nələrdir?

   Universitetlərdən əsas gözləntilərimiz nələrdir?
  02 Oktyabr 2024    Oxunub:1485
"Universitetlərdən ən böyük gözlənti yüksək səviyyəli, dünya standartlarına uyğun təhsil vermələridir. Bu təhsil təkcə nəzəri biliklərdən ibarət olmamalı, eyni zamanda tələbələrə praktik bacarıqlar da qazandırmalıdır. Tədris proqramları müasir tələblərə uyğun olaraq yenilənməli, tədqiqatlara və innovasiyalara dəstək verməlidir".
AzVision.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, universitetlərdə işləyən professor-müəllim heyəti yüksək ixtisaslı olmalı, həm nəzəri, həm də praktik təcrübəyə malik olmalıdır:

"Akademik heyət tələbələrlə qarşılıqlı əlaqədə olmalı, onların inkişafına dəstək verməlidir. Universitetlər cəmiyyətin və iqtisadiyyatın inkişafında önəmli rol oynayan tədqiqat mərkəzlərinə çevrilməlidir. Gənc tədqiqatçılara dəstək göstərilməli, müasir texnologiyalardan və resurslardan istifadə edilməlidir.

Universitetlər beynəlxalq əlaqələrini genişləndirərək, tələbələrə qlobal təcrübə qazanmaq üçün imkanlar yaratmalıdır. Mübadilə proqramları, xarici müəllimlər və tələbələr universitetlərin rəqabət qabiliyyətini artırır.

Tələbələrin qiymətləndirilməsi tam şəffaf, obyektiv və ədalətli olmalıdır. Bu, həm də tələbələrin motivasiyasını artıran mühüm amillərdən biridir".

Ekspert onu da qeyd edib ki, universitetlər müasir texnologiyalarla təchiz olunmalı, tələbələrə rahat təhsil almaq üçün şərait yaradılmalıdır:

"Laboratoriyalar, kitabxanalar, idman zalları və digər məkanlar tələbələrin hərtərəfli inkişafına dəstək olmalıdır. Universitetlərdə işə qəbul prosesi tam şəffaf və ədalətli olmalıdır. Bu, hər bir universitetin peşəkarlıq səviyyəsini və etibarlılığını qoruyan ən vacib prinsiplərdən biridir. Müəllimlərin və digər akademik heyətin seçimi yalnız onların bilik və bacarıqlarına əsaslanmalı, şəxsi tanışlıq və ya maddi motivasiyalar prosesə təsir etməməlidir.

Namizədlər üçün tələblər və seçim meyarları açıq şəkildə müəyyənləşdirilməli, bu meyarlar əsasında işə qəbul həyata keçirilməlidir. İmtahan, müsahibə və ya digər qiymətləndirmə formaları ədalətli və obyektiv olmalıdır. İşə qəbul prosesinin şəffaflığını təmin etmək üçün kənar müşahidəçilər və müvafiq qurumlar tərəfindən monitorinq edilməli, hər hansı rüşvət və qanunsuzluq hallarına qarşı mübarizə aparılmalıdır. Universitetlərin işə qəbul prosesi haqqında ictimaiyyətə açıq məlumatlar verilməli, hər hansı korrupsiya və ya qanunsuzluq halları aşkarlanarsa, ciddi tədbirlər görülməlidir.

Bu əlavə şərtlə, universitetlər cəmiyyətdə daha çox etibar qazanacaq və tələbələrə, eləcə də cəmiyyətə daha yüksək səviyyəli xidmət göstərə biləcəklər. Şəffaflıq həm də universitetlərin kadr potensialını gücləndirir, keyfiyyətli mütəxəssisləri cəlb edir və gələcəkdə yüksək nailiyyətlərə zəmin yaradır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: universitet   keyfiyyətlitəhsil  





Xəbər lenti