COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq

COP zamanı IEA-nın hazırladığı Yol Xəritəsi nümayiş olunacaq
  03 Oktyabr 2024    Oxunub:1405
“EU4Energy” proqramı çərçivəsində Beynəlxalq Enerji Agentliyi (IEA) tərəfindən hazırlanmış “Azərbaycan üçün Enerji Səmərəliliyi üzrə Yol Xəritəsi”nin təqdimatına həsr olunmuş tədbirin COP zamanı keçirilməsi təklifi müzakirə edilərək razılaşdırılıb.
AzVision.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun Braziliyada G20 tədbirləri çərçivəsində İEA-nın icraçı direktoru Fatih Birol ilə keçirilən görüşündən bildirilib.

F. Birolla görüşdə enerji bazarlarında vəziyyət və perspektivlər, həmçinin COP29 çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub. “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd”in yerinə yetirilməsində Azərbaycanın təşəbbüskarı olduğu “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi”nin vacib rolundan danışılıb. Bildirilib ki, “yaşıl enerji zonası və dəhliz”lər də daxil olmaqla iki öhdəlik Azərbaycanın bu sahədə təcrübəsindən irəli gəlir.

Bildirilib ki, noyabrın 15-də “Enerji Günü”ndə keçiriləcək COP29 Fəaliyyət Gündəliyinin enerji təşəbbüslərinin elanına həsr olunmuş nazirlər səviyyəsində dəyirmi masa, bərpa olunan mənbələrin üç dəfə artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi, neft və qaz sənayesinin sürətlə karbonsuzlaşdırılması, enerji keçidinə nail olmaq üçün infrastrukturun qurulması, elektrik sistemlərində ötürmə gücünün üçqat artırılması kimi ümumilikdə 7 tədbirdə Agentliyin iştirakı və bu çərçivədə əməkdaşlıq nəzərdən keçirilib.

Energetika naziri və Agentliyin icracı direktorunun həmsədrliyi ilə keçiriləcək “Enerji Keçidi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq”la bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin, P. Şahbazov Braziliyada G20 tədbirləri çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

F. La Kamera ilə görüşdə də əsas diqqət COP29 zamanı Agentliklə birgə təşkil olunan tədbirlərə yönəldilib. Bu xüsusda, Azərbaycanın ev sahibliyi ilə Pre-COP29 zamanı keçiriləcək “BƏƏ Konsensusunun Enerji Nəticələrinin İzlənməsi – Hesabatın Başlanması” tədbiri və Mərkəzi Asiya üçün Enerji Keçid İnvestisiya Forumunun təşkili məsələləri müzakirə edilib. Həmçinin IRENA-nın iştirakı ilə planlaşdırılan digər tədbirlər və aktual məsələlər nəzərdən keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti