“QATİL” BELƏ YARANIR - LAYİHƏ

“QATİL” BELƏ YARANIR - LAYİHƏ
  27 Mart 2013    Oxunub:8714
“Qatil olmayacaqsansa, bu dünya ilə AL-VER etməli olacaqsan…”
“Mənim bu “amansız teatr” üslubunda tablo çəkməyim kimlərisə qıcıqlandırırsa...getsin həyatı oxusun! ”

AzVision.az yeni bir layihəyə start verir: “BELƏ YARANIR...” Bu layihə vasitəsilə oxucuları müxtəlif incəsənət nümunələrinin yaranma prosesi, görünməyən tərəfləri ilə tanış etməyə çalışacağıq.

Layihənin ilk buraxılışı müəllifi Elçin Əfəndiyev, quruluşçu rejissoru Mehriban Ələkbərzadə olan “Qatil” tamaşası üzərində qurulub. Beləliklə, “QATİL” BELƏ YARANIR...

Afişaya baxırsan, tamaşa diqqətini cəlb edir, kassaya gəlib biletini alırsan, tamaşa başlamazdan 5-10 dəqiqə əvvəl zaldakı yerini tutursan, pərdə qalxır və başlanır...

70 dəqiqənin necə keçdiyinin fərqinə varmadan, bəlkə də, 15 dəqiqəlik antraktda məkanın memari xüsusiyyətlərinə və çılçırıqlarına baxmaqla kifayətlənirsən...

...3-cü zəngdən sonra başlayan növbəti 70 dəqiqənin həyəcanı səni öz arxasınca elə sürükləyir ki, bir də özünü gözüyaşlı, yorğun aktyorları alqışlayan görürsən...

...Səninçün bu qədər bəsit və sıradan...Amma yox! Səhnədə gördüyün bu səliqənin, nizamın və düşünülmüş sakitliyin arxasında böyük gərginlik, həyəcan, ayların zəhməti və hər tamaşa günü yaşanan ağrı və stress durur. Və elə bütün bunlar, əziz tamaşaçı, sənin gördüyün o əzəmətli səhnədən deyil, kiçik qrim otağından başlayır. Ənlik fırçasının ilk toxunuşundan Münəvvər eynəkli və zəhmli müəlliməyə, sızıqlı köynək və qara nimdaş pencəyini əyninə geyindiyi andan Hikmət o oğlana çevrilir...

“Bu pərdələri niyə indidən açıb yaymısınız? Axı ağgünlü müəllimə özü açmalıdı bunları...” –“Yeganə, sən canı bu da keçən dəfəki almalar kimi olmasın. Özü də alma iki yox, üç dənə olmalıdır”- bunlar isə quruluşçu rejissor Mehriban Ələkbərzadənin mükəmməlliyyətçilik istəkləridir...

Yəqin siz də bizim kimi aktyorların sağlıq deyib qaldırdığı badələrin içərisindəkinin həqiqətən şampan oldub-olmadığını düşünmüsünüz...Bax, o şampan butulkasına düşes şirəsini tökən, işləməyən telefonun tozunu alan, masanın üzərindəki təsadüfi kitabları seçib gətirən, baş qəhrəmanın alışqanının yanıb-yanmadığını yoxlayan şəxsin rekvizitor Yeganə xanım olduğunu yalnız səhnə arxasında qalanlar bilir.

“Belə də gülərüz polis olar?!” deyib son ana qədər müsbət enerjisi və təsbehindən vaz keçməyən əməkdar artist Elxan Quliyevin əksinə gənc aktyor Hikmət Rəhimovun rola girməyi çox çətin və ağrılı görünür. Yəqin məhz buna görə aktyorunu daha yaxşı tanıyan Mehriban xanım “Hikmətə toxunmayın, tamaşaya baxmısınızsa, başa düşərsiz ki təklif olunan o şəxsə çevrilmək asan deyil... İmkan verin, toparlansın” deyir.

Sənət dostları ilə söhbətləşərək “Qatil”in həyəcanını azaltmağa çalışan Mehriban xanım məhz bu anda özünü artıq işini bitmiş hesab edir: “Oyun başlayıbsa - yəni tamaşa zamanı mən lazım deyiləm artıq. Çünki daha….nə etsəm də, heç nəyi dəyişə bilmərəm”.

...19:00 və pərdə qalxır... Səhnədə onun gəlişinə qədər ancaq öz ulduzu və şagirdlərinin yoxlama dəftərləri ilə danışan tənha bir qadın-kimya müəlliməsi və onu real aləmlə bağlayan iki insan-qapı qonşuları...

...Yağışlı gecəylə dəyişən həyat...həyatda qorxduğu yeganə şeyin – ölümün qapısını döyən oğlan və qatili olacağı insana qapı açan müəllimə...Bu qapının açılışı, bir kişi toxunuşu, öpüşü ilə saxta təbəssümü şaqraq gülüşə çevrilən, həyatındakı rəngarənglik geyimlərinə də siraət edən, “Sənin istiliyin mənimçün bilirsən nədir?” yazılı məktubu oxumaqdan doymayan, doğum gününü və nərgiz güllərini sevdiyini belə unudan qadın...

...Bütün bu xoş emosiyalarla bitən birinci hissədən sonra dəhlizlərdə qrim otağına tələsən aktyorlar, tamaşanın tempindən narazı qalan Mehriban xanım və səhnəni ikinci hissənin havasına kökləyən böyük bir komanda...

Birinci hissədə səhnədə hökm sürən səliqə-səhman aşırdılan stol və stulların cingiltisi ilə necə pozuldusa, öpüş və nəvazişlər də yerini təhqir, şiddət, amansızlığa verdi. Bu amansızlığın kuliminasiyası isə zəhər qatılmış şampanla dolu iki badə ...

22 illik arzusu qatil yaxalamaq olan, ancaq bu arzusu reallaşanda “Yox, yox, istəmirəm!!!” deyib qaçan polis qonşu...

...Pərdələr bağlanır, ayaqüstündə alqışlar yerini səhnarxası təbriklərə verir. Əvvəlcədən planlaşdırılmış tamaşasonrası təəssürat və müsahibə üçün aktyorların yanına qaçsaq da, Münəvvər xanımın qolundan aldığı zədə və ağrılar bizi bir gün sonra görüşməyə vadar edir...

Görüşümüz “Qatil”in ərsəyə gəldiyi, o yorucu məşqlərin, tərəddüdlərin, həyəcanların yaşandığı ilk məşq otaqda,baş qəhrəmanın “İstəyirsən çıxım küçəyə qışqırım, ay camaaaaaat, bu kostyumu mənə bu xanım alıb...”çığırtılarının əks-səda verdiyi o küncdə baş tutur...

“Qatil” də oynamaq təklifi Münəvvər xanıma ayaqüstü edilib. Elə ilk təklifdəcə Mehriban xanım tərəddüdlərini də gizlətməyib. “O qadın yaşlı və boz olmalıdı, gözəl görünməməlidir. Sənin daxili aləminə görə bu rolu məhz sənə həvalə etmək istəyirəm. Fikirləşirəm ki, birinci hissədə müəyyən nüansları eynəklə, qrimlə ört-basdır edə bilərik, ancaq gözlərini necə gizlədəcəyik bilmirəm. Hər halda pyesi oxu, söhbət edərik...” deyən Münəvvər xanımın sözlərinə görə bir-iki ay söhbət elə belə də qalıb.

Geyim kimi rolun da məhz onun əyninə biçilməsini istəyən Münəvvər xanım müqayisə edilməkdən, klassik obrazlar olsa belə, oynanılmış rolları oynamaqdan həmişə çəkinib. Ancaq “Qatil”dən sonra nə müqayisə, nə tərəddüd, nə də qorxulara yer qalmayıb...

Hikmət Rəhimov isə bu rolun ona verilməsini sadəcə qismət hesab edir: “Hər iki rol üçün ayrılıqda iki aktyor nəzərdə tutulmuşdu. Mehriban xanım əvvəlcədən bizə demişdi ki, ikinizdən biriniz qalacaqsınız. Demirəm mən daha istedadlı və ya o daha zəif idi bu, sadəcə qismət məsələsidir. Mən getməyə də hazır idim, qalmağa da... Mehriban xanım elə birinci oxunuşdan Münəvvərlə məni bir saldı, məşq prosesində də bizə çoxlu suallar verirdi, biz də dolayı və ya sətiraltı yollarla onun istədiyi cavabları verirdik...”

- Məncə, Mehriban xanım görünüşümüzə deyil, ruhumuza görə bu rolu bizə həvalə etdi, - deyir Münəvvər xanım: "Yorulduğum anlar çox olub. Sözlər hələ də məndə mükəmməl oturmayıb. Heç yadımdan çıxmaz, bir gün Mehriban xanım mənə dedi ki, sənə sonuncu şans verirəm. Ya sözlərin anlamınını bil…və dəftərə baxma, ya da məndən incimə...Bütün gecə yuxusuz qaldım, sözləri öyrəndim və gəldim”.

Hər iki aktyor başqa tərəf müqabilləri olacağı təqdirdə tamaşanın uğuruna şübhə ilə yanaşır...

- Teatr aləmində belə bir qanun var: qarşı tərəf ya səninlə oyuna gedir, ya da sənə mane olur. Fikirləşirəm ki, ayrı bir akrtisa olsaydı, nə tamaşa bu qədər güclü alınardı, nə də mən potensialımı ortaya qoya bilərdim. Münəvvər olmasaydı, bu tamaşada təmas olmayacaqdı, mən də səhnəyə çıxıb uzaqdan-uzağa robot kimi sözlərimi təkrarlayıb, işimi bitmiş hesab edəcəkdim. Düzdü, əvvəl-əvvəl Münəvvər xanımda da tərəddüdlər var idi, və mən bunu təbii qəbul edirdim .

- Hələ bir tərəddüd olmasın da...Məşqlərdə qəflətən qəzeti çırpır başıma, mən də hər dəfəsində səksənirəm. Axı, döyülə-döyülə gəlməmişəm, evdə bişməyib, qonşudan gəlməyib... (gülür)

- Bir gün gəldik məşqə. Mehriban xanım məni çağırdı, dedi ki, Hikmət, qəzet vurmagı yığışdır. Mən də elə bildim ki, ümumiyyətlə bunu tamaşadan çıxarıb. Bir-iki məşq sonra dözmədim, fırlanıb gəldim ki, “Mehriban xanım, qoyun vurum da, nə olar...”

Ancaq bütün bu məşq prosesləri ilə yanaşı, bir də roluna doğmalaşmaq, o obraz “olmağı” bacarmaq məsələsi var. Bu proses isə heç də asan keçmir; oynadığın rol üçün real həyatda bir çox şeyə “yox” deməli, əsl əzabın nə olduğunu dadmalı olursan.

"Məşq prosesində mən həyatımın tamam başqa, qayğısız və yüngül mərhələsindən keçirdim. Ağrısız həyat rola adaptasiya olmağıma imkan vermirdi. Buna görə də, avtomatik özümə işgəncə verməyə, sevdiyim varlıqlardan uzaq durmağa, onları özümdən uzaqlaşdırmağa başlayırdım. Həmin anda həyatımı özüm alt-üst etdim. Çünki o qadının ağrılarını başqa cür çəkə bilməzdim”, - deyir Münəvvər xanım.

Bu obraza qədər kifayət qədər fərqli rollara imza atan Hikmət Rəhimovun sözlərinə görə isə, ilk dəfə bu rol onu öz təsirinə sala bilib: “Yeganə rol idi ki, mən evdə də, metroda da, yemək yeyəndə də onun haqqında fikirləşirdim. Bir sözlə, oynamaq istədiyim rol idi...”

Hələ adi izləyicinn təsirindən çıxmaqda çətinlik çəkdiyi tamaşanı oynayanlar üçün bu hiss daha ağır olmalı... Yəqin onlar da bir müddət bu aləmdən qopmaq, evə getmək, reallıqla üzləşmək istəmirlər...

Yaxud da daha real və praqmatik yanaşır, “Bu, sadəcə bir roldur” deyib öz həyatlarına dönürlər. Hikmət kimi: “Tamaşa qurtarır, teatrdan çıxıram, hər şey bitir. Yenə sosium, yenə o problemlər və metronun basabası...”

Bəlkə də, qadın olduğundan Münəvvər xanım üçün gerçək həyata keçid bu qədər asan olmur: “Qatil”in təsirindən çıxa bilmədiyim üçün hər tamaşa sonrası maşına oturub getmək, getmək...istəyirəm. Mənəvi təsirindən çıxa bilmirəm. Elə fiziki ağrılar, bədənimin sızıltısı da buna imkan vermir. Ancaq bu, mənim hər zaman arzuladığım bir duyğu idi - bir rolun təsirinə düşmək və tamaşaçını arxanca apara bilmək... “Qatil” də bax belə oldu, gedən getdi yəqin, qalanlar isə təsirindən çıxmadı, qalanlar bizi də özləri ilə apardı...”

Aktyorların da dəfələrlə vurğuladığı kimi, tamaşanın əsas yükü onun zərif çiyinləri üzərinə düşüb. O, tərif və xoş sözləri aktyorları ilə bölüşməkdə heç zaman xəsislik etməyib, tənqid və kinayələri isə çox zaman müdrikcəsinə gizlətməyi bacarıb. "Bir şeyi etmək istəyirsənsə və buna əminsənsə, edəcəksən, illah da ki, də mən..." deyən, prinsipcə özünü kifayət qədər sərt, mühafizəkar düşüncəli hesab edən rejissor Mehriban Ələkbərzadənin hansısa yataq səhnəsini, qadın həyatının gizli məqamlarını aşkarlaması çoxlarına təəccüblü görünür.

" Biz sənət adamlarıyıq... yaradıcı insanlarıq. Bu tamaşada məqsədim...ifrat reallıq çərçivəsində rəngli və boyalı tablonun gerçək mahiyyətinə varmaq idi. Mənim bu “amansız teatr” üslubunda tablo çəkməyim kimlərisə qıcıqlandırırsa...getsin həyatı oxusun! Bir də mən erotik şou deyil...Aldanışa və şiddətə gedən yolun sevgi və yataq mərhələlərini düşünərəkdən ön plana çəkmişdim. Seyrçinin iştirakçıya çevrilməsi naminə!!! Bilirsiniz, mən riyakarlığa nifrət edirəm. Axı hər bir insanın həyatında sevdiyi insan olur və həmin insanın şəklinə baxmaqla, üzr istəyirəm hamilə qalmırsan ki. Sən bu insanla yaşayırsan. Və bu insanla olan yaxınlığı, yaşananları danmaq, Sovet dövründəki "Bizdə seks yoxdur" kimi biabırçı ifadəyə bərabər bir şeydir. Əgər biz ifrat reallıq deyib həyatı reallıq kimi səhnəyə çıxarırıqsa, bu, əslində cəsarət yox, həqiqəti etiraf etməkdir", - deyir Mehriban Ələkbərzadə.

Əslində rejissorun məqsədi onların yataq və seks həyatını qabartmaq, pərdəni qaldırıb “baxın” demək deyildi:
“Məqsədim onun arxasında duran bugünkü cəngəllik qanunlarını, insalığın sıfra endiyini göstərməkdir. Mən “Bu, normal həyat tərzidir” deyib çağırış etmirəm, çağırış o deyil. Bu qabarıq səhnələr əslində bizim özümüzü unutduğumuz anlardır. Ancaq o unudulmuş anların içində qarşı tərəf də sənin qədər yük daşıyırmı, bax, əsas məsələ budur. Tamaşaya baxıb desəydilər ki, “Mehriban bu səhnələrlə “Heç bir NAĞILa...SEVGİyə inanma!” mesajını verir”, deyərdim “Bravo!” . Dediklərimin arxasında məhz bu var idi - Kimsəyə inanmaq olmaz!!! Nə yazıq ki olmaz. Hətta gecəni-gündüzünü paylaşdığın insana da inanmaq OL-MAZ!!!”

Mehmet Akif Ersoy söyləmişdi axı.....
"Aldanma insanların samimiyetine, menfaatleri gelir herşeyden önce.. Vaad etmeseydi ALLAH cenneti, O’na bile etmezlerdi secde. Yüzsüzdür insanoğlu kimse bilmez fendini, kime iyilik yaptıysan ondan koru kendini.

Hər bir tamaşanın öz mesajı olur. Elə Mehriban xanımın fikrincə də, yazıçı ilə rejissorun baxışı və çatdırmaq istədiyi ideya çox zaman fərqli olur, tamaşaçı isə görmək istədiyini görür, anlamaq istədiyini anlayır. Bəs “Qatil”in əsl mesajı nə idi?

-Bilirsiniz, mən son günlər bu atalar sözünü tez-tez təkrarlayıram - Mərdi qova-qova namərd etməzlər. Dünya əclaf dünyadır, dünya ən normal əxlaq kredoları olan insanı belə təqvalarından vaz keçməyə vadar edir. Kim keçə bilirsə...
İnsan içinə, həyatına bir insanı buraxır . Xoşbəxt olmaq istəyir....və ÇOX ZAMAN yanılır. Yanılırsa və həyat...artıq arxadadırsa, qarşıya getmək istəyi yoxdursa və yaşamaq eşqi güc gəlmirsə, nə edəcəksən ki? Biz şərqliyik, çox emossional millətik. Biz ya intihar edib özümüzü öldürəcəyik, ya beynimizə qan sızacaq, dəli olacağıq, ya da bir yol tapıb bu stressdən çıxacayıq. Yollar da ki, içki, narkotik və s., və.s. Və heç kim anadan “ ......VƏ SAİRƏ” doğulmur!!! Normal münasibət , normal insan və insan əxlaqı görən heç bir qadın “və sair” yollara üz tutmur. Kişilərdə isə.... daha şərəfsiz yolla gedir. Biri var bədəninlə alver edəsən, biri var kimlik və şəxsiyyətinlə. Bu gün hamısı alverdədir. Alverdə olmayan adam ortada deyil, alverdə olmayan adam yüksəkdə deyil, alverdə olmayan adama dəyər verilmir. Bax sən o layiq olduğun dəyəri özündə ən təmiz bildiyin şeyləri satmaq bahasına alacaqsansa, artıq o həyata da, o dəyərə də ...

Bilirsiniz o nağıllarda olur, bir addım atım...daha bir də olmayacaq. Göydən 3 alma nağıllarda düşür. Heç vaxt heç nə verilmir...alırlar. Amma necə alırlar...bax budur əsas məsələ. Çünki dəyər insanın göstərdiyi boya, əmələ görə olmalıdır, daha “nələri” əldə edə bilər gücündə deyil. Allahın verdiyi istedad və zəhmətlə birləşdirib almalıdır o dəyəri. Ancaq bunlara heç nə vermirlər və mərdi qova-qova namərd edirlər. Ən əxlaqlı insanı sonda ən əxlaqsız addımı atmağa vadar edirlər. Atmırsansa, qatil olmaya bilmirsən. “Qatil”i hazırlayarkən mən başa düşdüm ki, dünyanın bu günündə ...bu şərtlərlə...qatil olmamaq mümkün deyil. Qatil olmayacaqsansa AL-VER- etməlisən. Alverçi olacaqsan. Qatilə təəccüblə, məətəl-məətəl baxırıq, “adam öldürdü” deyirik, o kimisə yox, özünü öldürdü, içini öldürdü. Əslində onu öldürməklə ona yaxşılıq etdi, özünə yox...

Diqqət etmisinizsə, müəllifdən fərqli olaraq, mən hər iki badəyə zəhər tökdürürəm. Onunla bərabər içmək istəyir o zəhəri, çünki o yanılıb, amma sevib axı... Yox...yanılmaq olmaz, yanıldınsa, məhv oldun… Amma yanılmamaq da mümkün deyil, çünki yanılmağın nə olduğunu bilməyən insan, nə biləydi ki, yanılmaq nədi. Və talesizlik əslində yanılmaqdan daha ağır yükdür. Mənim mesajım bu idi ki, artıq kimsəyə inam yoxdur, artıq dünyanı sevgi, ədalət, mərhəmət idarə etmir…

Mehriban Ələkbərzadə üçün yazılan "Qatil" :

“Qatil”, bəlkə də, Elçinin yazdığı ilk və son faciə olacaq. O da mənim təkidimlə, mənim ürəyimcə olsun deyə yazıb. 2001-ci ildə o əsəri mənə təqdim edəndə dedi ki, özümü öldürə-öldürə yazdım, sənə görə yazdım. Buna baxmayaraq, birinci quruluşda mən əsil mən deyildim. Birinci quruluşda mən dünyadan və insanlıqdan çox şey gözləyirdim, məhəbbət və səmimiyyətin varlığına inanırdım. O quruluşda oğlan öləndən sonra başını dizi üstə qoyub ağlamaq da vardı. İlk quruluşdan sonra...bu 8-10 il ərzində mən bir az qısa, bir az uzun bir həyat yaşadım və anladım ki, gücün çatırsa, bas, üstündən keç, çatmırsa öldür, içində öldür, ancaq öldürəndən sonra da AĞLAMA...”

Mehriban xanım üçün ən gözəl aktyor “suçəkən” aktyordur. Onu hopan, özünü onda ifadə edə bildiyi aktyor :

“Aktyor yalnız bir yol, bir müstəvini görür və bütün tamaşanı görə bilmədiyi üçün ancaq öz gördüyünü diqtə edir. Rejissor isə hər bir işığın, alətin, canlının yerini müəyyənləşdirir, rəng balansını və tablosunu çəkir. Aktyor cansız deyil, onunla cansız kimi rəftar etmək yanlışdır. Yeri gələndə mən bir gün olmayacam... ancaq mənim hüceyrələrim onlarda yaşayacaq. Mənim üçün aktyor bu deməkdir, mən özümü tamlığımla ona köçürürəm. Özümdən, həyatımdan, həyat dərslərimdən, həyat enerjimdən hissə-hissə kəsib paylayıram. Sən istədin-istəmədin paylamalısan, həyatdan aldıqlarını onlara ötürməlisən, ötürməsəm, bu qədər dərdi necə daşıya bilərəm… Mən də insanam, mənim də həyatımda problemlər olub, olmayıbsa da görmüşəm, görmüşəmsə, sadəcə baxıb keçməmişəm, onu yaşamışam. Yaşamışamsa, onu ömrü boyu daşımaq olarmı? Unutmaq da olmaz. Deməli, sən onları hissə-hissə nələrəsə çevirirməlisən, bax o çevirmələrdir tamaşa…”

Leyla Əliyeva
Sevinc Fədai
Selcan Qurbanova

Qalereya




Teqlər:  





Xəbər lenti