Mütəllibovun devrilmə XRONİKASI

Mütəllibovun devrilmə XRONİKASI
  05 Mart 2013    Oxunub:9196
21 il bundan öncə – 1992-ci il martın 5-də Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında “Qarabağın dağlıq hissəsində vəziyyət və respublikada ictimai-siyasi şərait haqqında məsələ” müzakirə edilirdi. Parlament binasının qarşısında isə 2 gün əvvəl başlayan izdihamlı mitinq davam edirdi.
Ali Sovetin fövqəladə sessiyasında Parlament binasını mühasirəyə almış qəzəbli kütlənin və müxalifət qüvvələrinin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verməyə məcbur oldu. Onun yerinə Ali Sovetin qərarı ilə Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilir. Ayaz Mütəllibov Ali Sovet rəhbərliyindəki yerdəyişmə ilə özünün hakimiyyətdə qalmasını təmin etmək istəsə də, buna müyəssər olmur. Bir gün sonra onun özünü də istefaya məcbur edirlər.

Bu hadisələrin şahdi olmuş tanınmiş jurnalist Müsəllim Həsənov o zaman Ali sovetin binasında etdiyi qeydləri AzVision.az-ın oxucuları ilə bölüşür.

O vaxt həmin iclasda “Yeni Fikir” qəzetinin parlament müxbiri kimi əvvəldən axıra kimi iştirak etdiyim üçün bir neçə gün sonra “Bir istefanın xronikası” adlı yazı hazırladım və həmin yazı qəzetin 13 mart 1992-ci il tarixli nömrəsində dərc olundu.
Həmin iclasda gedən söhbətlərin, müxtəlif siyasi baxışlı deputatların çıxışlarının, xüsusən Xocalı faciəsinə o vaxtkı münasibətin bu gün də aktual olduğunu nəzərə alaraq həmin xronikanı olduğu kimi təqdim edirəm.
Məqsəd kimisə tənqid etmək, kimisə qəhrəman səviyyəsinə qaldırmaq deyil. Məqsəd Xocalı faciəsinin baş verdiyi 1992-ci ilin 26 fevralından bir həftə sonrakı Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsini yada salmaqdır. Bu, yaxşıdır, pisdir, başqa məsələdir. Amma bu xronika 21 il əvvəlki reallıqdır. Xocalı faciəsinin yaratdığı Azərbaycan reallığı...

Müsəllim Həsənov



Bir istefanın xronikası
(1992-ci il. Parlament müxbirinin qeyd dəftərindən)


6 mart 1992-ci il: Azərbaycan Respublikası Ali Sovetinin fövqaladə sessiyası öz işinə başlayır. Deputatlar Xocalı faciəsi zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edirlər (Onda hələ faciənin miqyası tam aydın deyildi – M.H.)
Ali Sovetin sədri Elmira Qafaqrova səhhəti ilə əlaqədar istefa verdiyini bildirib, zalda əyləşir. Beləliklə iclasın gündəliyinə təşkilat məsələsi də daxil edilir. “Müstəqil Azərbaycan bloku”ndan (müxalifəti təmsil edən bu blok o vaxt həm də “Demblok” adlanırdı – M.H.) olan deputatlar təşkilat məsələsini sonraya saxlamağı, indi isə fövqaladə sessiyanın çağırılmasına səbəb olmuş ictimai-siyasi vəziyyəti müzakirə etməyi tələb edirlər. Çoxluğun fikri ilə təşkilat məsləsi əvvələ keçir.
Deputat Mürşüd Əzimov Ali Sovetin sədri vəzifəsinə Yaqub Məmmədovun namizədliyini irəli sürür, digər deputatlar bu fikri müdafiə edirlər.

Saat 12.15: Ali Sovetin binası qarşısına toplaşanların sayı getdikcə artır. Xalq Xocalı faciəsindən sonra qəti tədbirlər gözləyir.
İclas zalında isə Ali Sovetə sədr seçmək üçün komissiya yaradılır. Rəhim Qazıyev təklif edir ki, çıxışlardan göründüyü kimi əksəriyyət Yaqub müəllimin namizədliyini müdafiə edir. Ona görə də təklif edir ki, gəlin, vaxt itirməmək üçün gizli səsvermə yox, açıq səsvermə keçirək.
Təklif keçmir...

Saat 12.30: Gizli səsvermə keçirmək üçün fasilə elan olunur. Ali Sovetin qarşısındakı meydanda mitinq gedir...

Saat 14.45: Azərbaycan Respublikası Ali Soveti sədrinin seçkiləri üzrə 2 nömrəli protokol elan olunur: lehinə 263 nəfər, əleyhinə 10 nəfər.
Yaqub Məmmədov Ali Sovetin sədri seçilir (Alqışlar).

Saat 14.46: Meydan uğuldayır...

Saat 14.47: Yaqub Məmmədov tribunaya qalxır (Alqışlar).
Göstərilən etimada görə deputatlara təşəkkür edir (Alqışlar).

Saat 14.50: Sabir Rüstəmxanlı təklif verir: Əsas məsələnin müzakirəsinə keçməzdən əvvəl Xocalı faciəsindən kiçik bir video-lentə baxaq. Lent göstərilmək üçün hazırdır.

Saat 14.51: Tofiq Bağırov: Mən həmin filmlə az-çox tanışam. O filmə baxıb müzkirəyə başlamaq çox çətin olar.
...Mən sizi inandırıram ki, bu filmə baxanda çoxları infarkt keçirə bilər. Gəlin filmə müzakirədən sonra baxaq.

Saat 14.53: Zalda bir neçə dəqiqəlik səs-küy qalxır və S.Rüstəmxanlının təklifi səsə qoyulur: filmə baxmağın lehinə 118, əleyhinə 122.
Təklif keçmir.

Saat 14.55: Adını çəkməyən deputat: o qədər də prinsipial əhəmiyyəti olmayan məsələyə (?!) görə qarşıdurma yaratmaq düzgün deyil.
Daha bir neçə deputat təklif verir.

Saat 15.00: İsa Qəmbərov: Nə vaxta qədər biz xalqın faciəsini adi qarşılayacağıq? Kiminsə əsəbləri zəifdirsə, çıxsın. Kimsə xalqın faciəsinə baxıb öz mənafeyini unudacaqsa – onlar da çıxsın. Xahiş edirəm, təklif adbaad səsə qoyulsun və xalq onun facisinə baxmaq istəməyənləri tanısın.

Saat 15.12: Adbaad səsvermə gedir. Və belə səsvermə öz təsirini göstərir. Filmə baxmaq təkllifinə tərəfdar olanların sayı 118 nəfərdən 171 nəfərə qalxır (57 nəfər yenə əleyhinə!). Qərar qəbul olunur.

Saat 15.17: Prezident (Ayaz Mütəllibov –M.H.) zala düşür, ayağa durub ona yer göstərənlərə əhəmiyyət vermədən üçüncü sıradakı boş yerdə oturur. Xocalı faciəsi barədə filmin nümayişi başlanır.

Saat 15.32: Film qurtarır və 15 dəqiqəlik fasilə elan olunur.
Ali Sovetin qarşısına toplaşan adamlar hələ də sessiyada gündəliyin əsas məsələsinə (ölkədə ictimai-siaysi vəziyyət- M.H.) keçilmədiyindən xəbər tutub əsəblərini cilovlaya bilmirlər, Ali Sovetin binasının şüşələrini sındırmağa başlayırlar.

Saat 16.20: Fasilə qurtarır və prezident ictimai-siyasi vəziyyət haqqında məruzə edir.

Saat 17.21: Prezidentin məruzəsi ətrafında müzakirədə ilk söz alan Rəhim Qazıyev yaxınlaşan təhlükə barədə Xocalı, Malıbəyli və s. yaşayış məntəqələrindən prezidentin, Ali Sovetin, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin ünvanına göndərilən teleqramların mətnini oxuyur. Bildirir ki, rəhbərlik yaxınlaşan təhlükə barədə vaxtında xəbərdar olunmuşdu.

Saat 18.15: İsgəndər Həmiodov da sənədlərlə çıxış edib prezidentin istefa verməsi tələbini irəli sürür. Etibar Məmmədov isə onu milli xəyənatkar adlandırır və Rəyasət Heyətinə prezidentin işdən götürülməsi barədə qərar layihəsi təqdim edir. Sonra “Müstəqil Azərbaycan bloku”nun digər üzvləri prezidentin istefaya getməsi zərurətini təkrar edirlər.

Saat 19.05: Görünür, bəzi deputatlar çöldəki əhval-ruhiyyəni anlamadıqları üçün bu gün iclası yarımçıq saxlayıb evə getmək istəyirlər. Lakin xəbərdarlıq edilir ki, qərar çıxarılmayınca deputatlar binadan çölə buraxılmayacaq.

Saat 19.57: Hələlik prezidenti müdafiə edən yoxdur. 15 dəqiqəlik fasilə elan olunur.

Saat 20.15: İclas davam edir. Seyran Seyranov tribunaya qalxıb prezidentin mövqeyini müdafiə etməyə səy göstərir.
Tribunaya bu fikirlə qalxan Məmmədağa İsayev də (gətirdiy dəlil: Sabirabad rayonu Qarabağa 2 milyon manat yardım edib və s.), daha bir neçə könülsüz müdafiəçi də ab-havanı dəyişə bilmir.

Saat 21.45: Həyətdə mitinq davam edir. Ali Sovetin binasının pəncərələrinə təhqiramiz plakatlar yapışdırılır.

Saat 22.20: Rəhim Qazıyev bildirir ki, binanı təlim keçmiş itləri olan əsgərlər mühasirəyə alıblar. Əgər 10 dəqiqəyə əsgərlər götürülməsə, Tbilisi variantı təkrar olunacaq (Söhbət 1989-cu ilin aprelində Tbilisidə mitinqin sovet qoşunlarının müdaxiləsi ilə dağıdılmasından gedir- M.H.). Kimsə bildirir ki, əgər çöldə bircə güllə atılsa içəridə də atılacaq. Zalda səs-küy qopur.

Saat 22.28: İsmayıl Şıxlı: 5-10 dəqiqəyə əsgərlər götürülməlidir. Burda qan tökülməməlidir... Bu vəzifə nə yaman şirin şey imiş?

Saat 22.45: Yaqub Məmmədov: Şəhər daxili işlər idarəsinin rəisi Bəxtiyar Əliyev mənə məlumat verdi ki, həmin əsgərlər götürülüb.

Saat 22.46: İsgəndər Həmidov: Yaqub müəllim, əvvəla əsgərlər getməyiblər, ağacların arasına çəkliblər. İkincisi isə, bu dəstəni (əsgərlər nəzərdə tutulur – M.H.) kim və niyə çağırıb – cavab versin.

(Ardı burada)


Teqlər:  





Xəbər lenti