9-cu debat - VİDEO
Debatda çıxış edənlər YAP-ın namizədi prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, müstəqil namizəd Zahid Oruc, ADP sədri Sərdar Cəlaloğlu, BAXCP sədri Qüdrət Həsənquliyev, Ədalət Partiyasının sədri İlyas İsmayılov, MMP sədri Hafiz Hacıyev, ASDP sədri Araz Əlizadə, MDHP sədri Fərəc Quliyev və Ümid Partiyasının sədri İqbal Ağazadədir.
Sərdar Cəlaloğlu radikal çıxışların ölkə üçün heç bir faydasının olmadığını diqqətə çatdıraraq belə qarşılıqlı çıxışların sonda bir-birinə butulka atmaqla nəticələndiyini söylədi.
S.Cəlaloğlu hakimiyyətə gələcəyi halda ölkədə müsbət və ciddi dəyişikliklər həyata keçirəcəyini bildirdi.
* * *
Əli Əhmədov çıxışında Cəmil Həsənlini yalan və böhtan danışmaqda ittiham etdi. Sabirabad görüşü zamanı yaranan qarşıdurmanının müxalifətin insanlara danışdığı yalanların nəticəsi olduğunu bildirdi.
Ə.Əhmədov Sabirabadda etiraz edənlərin hakimiyyətə şərəfsizliyin, ləyaqətsizliyin gəlməsini istəməyən insanlar olduğunu vurğuladı.
Hafiz Hacıyev isə yenə də Hafiz Hacıyev olaraq qaldı. O, çomağını Cəmil Həsənli və müxalifətdən çəkmədi. Onları eyni çeynənəmiş fikirlərlə suçladı və satqınlıqda günahlandırdı.
* * *
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilk çıxışında 6 dəqiqəlik debatların görüntü xarakteri daşıdığını bildirdi.
Prezident seçiləcəyi təqdirdə bank sahəsində tətbiq edəcəyi güzəştləri bir daha diqqətə çatdıran C.Həsənli onun fikirlərinin təhrif edildiyini, bankları bonkrot etmək fikrində olmadığını və vətəndaşların 5 min manata qədər borcunun dövlət tərəfindən ödəniləcəyini vurğuladı. 5 min manatdan çox krediti olanların borcunun 50 faizinin dövlət büdcəsi hesabına bağlanılacağını dedi.
* * *
Xalqa “Əziz bacılar, qardaşlar” deyərək müraciət edən Araz Əlizadə prezident olacağı təqdirdə ölkənin müəllimlərinə, analara, əsgərlərə yaxşı gün ağlayacağını söylədi.
6 dəqiqəlik çıxışının daim əsas hissəsini Milli Şuranın tənqid etməyə ayıran A.Əlizadə yenə də müxalifətdən danışdı. Çıxışını yarımçıq saxlayan A.Əlizadə Cəmil Həsənlini parodiya edərək “saxloooon” deyərək vaxtını dayandırdı.
* * *
Fərəc Quliyev əsgərlərə qarşı yaxşı münasibət göstərməyən zabitlərə, oğrulara, cibgirlərə, ölkəyə narkotik, saxta dərman gətirənlərə, dinsizlərə, atesitlərə, Allahsızlara, savaşdan qorxub Qarabağ müharibəsindən geri çəkilmək istəyənlərə səslənərək hakimiyyətə gələcəyi təqdirdə onlar haqqında ciddi tədbirlər görəcəyini bildirdi.
Azərbycan Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Sərdar Cəlaloğlu isə yenə də bir neçə vətəndaşın sosial problemlərini ictimaiyyətin diqqətinə çatdırdı.
* * *
Ümid Partiyasının sədri İqbal Ağazadə bundan əvvəl əvvəlki bütün debatlarda ölkədəki sosial-iqtisadi, ictimai-siyasi problemləri diqqətə çatdırırdı. O, son debatda yenilik edərək vaxtını seçicilərinin onun dəstəkləməsinə ayırdı.
Namizəd 9 oktyabrda namizədlər arasında adının ilk sırada olmasını diqqətə çatdıraraq ona səs verilməsini istədi.
Ədalət Partiyası isə debatlarda bir ilk etdi. Partiyanın prezidentliyə namizədi İlyas İsmayılov ilk dəfə debata qatıldı. İ.İsmayılov da səlahiyyətli nümayəndələri kimi boz və sıxıcı nitqi ilə yadda qaldı. O, əsasən ölkədəki korrupsiyadan danışdı.