Seçki günü Mətbuat Şurasında "qaynar xətt" olacaq
AzVsison.az xəbər verir ki, onlara mərkəzin iş prinsipləri, jurnalistlər üçün yaradılmış şərait barədə verilib. Bu məqsədlə düzənlənmiş toplantıda çıxış edən Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov azad və ədalətli seçkilərin təşkilində medianın rolunun vacibliyini vurğulayıb. Mərkəzin prosesə dəstək məqsədilə formalaşdırıldığını, dünyanın bir çox qabaqcıl ölkələrində mövcud təcrübədən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, seçki günü təkcə yerli deyil, xarici kütləvi informasiya vasitələri də prosesi işıqlandıracaqlar. Bu işin yüksək səviyyədə təşkili isə ölkə üçün taleyüklü bir hadisənin dünya miqyasında tanınmasında müstəsna əhəmiyyətə malikdir. Azərbaycan qanunvericiliyində, eləcə də MSK-nın müvafiq təlimatlarında medianın seçkini işıqlandırmasına dair kifayət qədər konkret müddəaların yer aldığını vurğulayan Ə.Amaşov Müstəqil Media Mərkəzinin formalaşdırılmasının mövcud istiqamətdə görülən işlərdə bir növ tamamlayıcı xarakter daşıdığını önə çəkib. Şura sədri çıxışında, həmçinin rəhbərlik etdiyi qurumun seçki gününə hesablanmış fəaliyyət xətti barədə məlumat verib: "Mətbuat Şurasının İdarə Heyətinin üzvləri oktyabrın 9-da ölkənin müxtəlif bölgələrində müşahidələr aparacaq, medianın prosesi işıqlandırması ilə bağlı vəziyyəti izləyəcəklər. Şuranın monitorinq qrupu da müvafiq iş aparacaq. Eyni zamanda, seçki günü Mətbuat Şurasında "qaynar xətt" fəaliyyət göstərəcək. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər hər hansı maneçiliklə üzləşdikləri halda bizə məlumat verə biləcəklər. Bu yolla yarana biləcək problemlərin operativ aradan qaldırılmasına imkanımız olacaq".
Müstəqil Mətbuat Mərkəzinin koordinatoru Elşad Fərzəliyev burada yaradılmış texniki şərait barədə söhbət açıb. O, mərkəzin yüksək sürətli internetlə təmin olunduğunu, məkanda brifinqlərin, mətbuat konfranslarının keçirilməsinin mümkünlüyünü deyib. E.Fərzəliyev, həmçinin seçki günü mərkəzin proseslə bağlı məlumatlar hazırlayaraq KİV-lərə ötürəcəyini diqqətə çatdırıb.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Parale" qəzetinin baş redaktoru Tapdıq Abbas, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli cəmiyyətdə, eləcə də beynəlxalq aləmdə Azərbaycandakı seçki prosesi barədə obyektiv rəyin formalaşması üçün informasiya təminatının mühüm əhəmiyyət daşıdığını bildiriblər. Onlar qurumun şəhərin mərkəzində, xüsusi nəzərdə tutulmuş məkanda fəaliyyət göstərməsinin faydalılığını önə çəkiblər.
Toplantıda çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli MSK-nın seçkidə medianın işinin təşkilinə yönələn fəaliyyətindən söz açaraq qurumun həyata keçirdiyi tədbirlərin ümumən şəffaf seçki mühitinin yaradılmasına, söz və ifadə azadlıqlarının dərinləşməsinə dəstək baxımından da vacibliyini vurğulayıblar.
Teqlər: