DİN Cəmil Həsənlinin mitinqinə münasibət bildirdi

DİN Cəmil Həsənlinin mitinqinə münasibət bildirdi
  05 Oktyabr 2013    Oxunub:1121
Azərbaycan Daxili İşlər Nazirliyi Sabirabad rayonunda prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüşü zamanı yaranan insidentlə bağlı məsələyə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə bildirib ki, prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçiciləri ilə görüşü zamanı bir qrup insan tərəfindən təxribat xarakterli hücum təşkil edilməsi barədə yayılan məlumatlar əsassızdır:

"Prezidentliyə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüş zamanı qarşıdurma olması barədə yayılan məlumatlar həqiqətəuyğun deyil. Əvvəlcə onu qeyd edim ki, Cəmil Həsənlinin müraciəti əsasında Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən prezidentliyə namizədin seçicilərlə görüş yeri kimi stadionda yer ayırıb. Görüşün keçirilmə vaxtı oktyabrın 4-də saat 11:00-dan 13:00-a kimi nəzərdə tutulsa da, Cəmil Həsənli Bakıdan gəlmiş azsaylı tərəfdarlarının və jurnalistlərin müşayiəti ilə stadiona saat 13:25-də gəlib".

O.Mansurzadə bildirib ki, tədbir 13:55-də başa çatıb və bu müddət ərzində polis ictimai asayişi mühafizə funksiyalarını tam yerinə yetirib:

"Sadəcə Cəmil Həsənlinin platformasını dinləmək üçün stadiona gələn bir qrup rayon sakini orada prezidentliyə namizədin və digər şəxslərin çıxışlarında səslənən bəzi fikirlərə etiraz ediblər. Cəmil Həsənlinin ətrafında olanlardan bəziləri, xüsusən onun səlahiyyətli nümayəndəsi Pənah Hüseyn çıxışlar zamanı həmin insanları nalayiq sözlərlə təhqir edərək onları təxribata çəkmək, iştirakçılar arasında qəsdən qarşıdurma yaratmaq istəyiblər. Polis əməkdaşlarının hadisəyə vaxtında və operativ reaksiyası təxribat hadisəsinin böyüməsinin qarşısını alıb, Bakıdan gəlmiş şəxslərlə birlikdə təqribən 150 adamın iştirak etdiyi görüş-mitinqdə ictimai asayişin kobud şəkildə pozulmasına imkan verilməyib".

DİN rəsmisi deyib ki, seçicilərlə görüş zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb və görüşün yarımçıq dayandırılması barədə deyilənlər də həqiqətəuyğun deyil. Görüş zamanı bəzi jurnalistlərin təzyiqə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirən şöbə rəisi qeyd edib ki, nə görüş zamanı ictimai asayişi qoruyan polis əməkdaşlarına, nə də sonra bu barədə Sabirabad RPŞ-yə hər hansı müraciət daxil olmayıb: "Əgər həqiqətən də belə bir hal varsa, o zaman aidiyyəti üzrə polis şöbəsinə müraciət etsinlər, məsələ araşdırılar".(trend)


Teqlər:





Xəbər lenti