Litvayla təhsil əməkdaşlığı

Litvayla təhsil əməkdaşlığı
  04 Oktyabr 2013    Oxunub:1261
Azərbaycan və Litva təhsil sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır.
Azərbaycan və Litva təhsil sahəsində əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır. AzVsison.az xəbər verir ki, bu barədə cümə axşamı Litvanın təhsil və elm nazirinin müavini Rimantas Vaytkus Bakıda jurnalistlərə deyib.

Nazir müavini bildirib: "Mən şadam ki, qısa müddət ərzində Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sayı 3 dəfə artıb və hazırda onların sayı 70-i ötür. Litva maraqlı ölkədir və hesab edirəm ki, azərbaycanlı tələbələr bizim ölkədə layiqli təhsil ala bilərlər".

Onun sözlərinə görə, Litva Avropa İttifaqının (Aİ) üzvü kimi artıq öz təhsil sistemini Avropa tələblərinə uyğun dəyişib, təhsilin keyfiyyəti yaxşılaşıb.

Bakıya cari səfəri çərçivəsində Azərbaycanın təhsil naziri və ölkənin qabaqcıl iki universitetinin rektoru ilə görüşdüyünü deyən nazir müavini bildirib ki, görüşlərdə təhsil sahəsində iki ölkənin əməkdaşlıq perspektivləri müzakirə edilib:
"Hər iki ölkə təhsil sahəsində əməkdaşlığa dair yeni saziş hazırlamaq barədə razılığa gəlib və düşünürəm ki, gələcəkdə həmin saziş imzalanacaq".
O, qeyd edib ki, Azərbaycan təhsil sahəsində irəliyə böyük addım atıb: "Litva hökuməti də 2014-cü ildə azərbaycanlı tələbələr üçün təqaüd ayırmağı planlaşdırır".

R.Vaytkus bildirib ki, Azərbaycana səfəri çərçivəsində onu Litvanın 20 ali məktəbinin nümayəndələri müşayiət edirlər.

Onlar Litvada ali təhsil imkanlarını oktyabrın 4-6-da Bakıda keçiriləcək VII Beynəlxalq "Təhsil və karyera" sərgisində təqdim edəcəklər.

Nazir müavini qeyd edib ki, Azərbaycan əcnəbi tələbələr cəlb etmək istəyən Litva ali məktəbləri üçün daha perspektivli bazarlardan biridir: "Litvanın beş universiteti - Vilnüs Universiteti, Gediminas adına Vilnüs Texniki Universiteti, Kaunas Texnoloji Universiteti, Litva Elm və Sağlamlıq Universiteti və Böyük Vitautas adına Universitet "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"nda iştirak edən ali məktəblərin siyahısına daxil edilib".

Litvanın Azərbaycandakı səfirliyi Litva nümayəndə heyətinin Bakı Beynəlxalq "Təhsil və Karyera" sərgisində iştirakı münasibətilə bu gün "Litvada ali təhsil imkanları" adlı rəsmi tədbir təşkil edib. Tədbirdə ölkənin ali təhsil sistemi və Avropa və dünyada rəqabət qabiliyyəti təqdim olunub.

Mərasimdə Azərbaycanın Təhsil Nazirliyinin, universitetlərinin və ümumi təhsil müəssisələrinin nümayəndələri, Litva ali məktəblərinin məzunu olan azərbaycanlılar və hazırda Litvada təhsil alan azərbaycanlı tələbələrin valideynləri iştirak ediblər.


Teqlər:





Xəbər lenti