Korrupsiya ilə bağlı 3915 müraciət daxil olub
AzVision.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, cari ilin 9 ay müddətində Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən 161 nörməli “qaynar xətt” əlaqə mərkəzinə 3915 müraciət daxil olub:
“İdarədə araşdırılan 307 müraciətdən 21 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlayıb, 1078 müraciət təmin edilib. Cari ilin 9 ayı ərzində idarənin əməliyyat şöbəsi tərəfindən korrupsiya cinayətləri törədən 31 şəxs cinayət başında yaxalanmaqla onların barəsində 23 cinayət işi başlanıb”.
Kamran Əliyev vurğulayıb ki, ötən dövr ərzində idarədə cinayət xarakterli material kimi baxılan 232 müraciət üzrə 132 cinayət işi başlanıb, o cümlədən cinayət işlərindən 47 cinayət işi ayrıca icraata ayrılıb:
“2013-cü ilin son doqquz ayı ərzində idarənin İstintaq şöbəsində 322 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, şöbə tərəfindən 251 şəxs barəsində 138 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilən və mahiyyəti üzrə baxılan bütün işlər üzrə ittiham hökmləri çıxarılıb, təqsirləndirilən şəxslərdən bəraət alanı olmayıb. İstintaqı başa çatdırılan cinayət işləri üzrə 3 milyon 358 min manat dəyərində əmlak üzərinə həbs qoyulub. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulan 14 milyon 422 min manat ziyanın ödənilməsi təmin edilib”.
Qeyd edək ki, görüşdə iştirak edən qonaqlar bina ilə və idarənin göstərdiyi xidmətlərlə yaxından tanış olublar.
Fatimə