Prezident: `Azərbaycanda helikopter nəqliyyatı daha geniş yayılacaq`

Prezident: `Azərbaycanda helikopter nəqliyyatı daha geniş yayılacaq`
  03 Oktyabr 2013    Oxunub:2028
`Azərbaycanda hava nəqliyyatının inkişafı üçün çox böyük işlər görülür. Hava nəqliyyatı hər bir ölkə üçün vacib bir sahədir`

AzVision.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin İdarəedilməsi Baş Mərkəzinin yeni binasının açılışında deyib.

Prezident vurğulayıb ki, Azərbaycanda, deyə bilərəm ki, bu sahədə çox gözəl nəticələr vardır: ` Son illər ərzində bizim bütün əsas hava limanlarımız əsaslı şəkildə təmir edilib, yaxud da ki, yeniləri tikilibdir. Gəncə, Naxçıvan, Lənkəran, Yevlax aeroportları yenidən qurulubdur. Eyni zamanda, Qəbələ, Zaqatala aeroportları da tikilmişdir. Yəni altı aeroport tikilmişdir ki, bu gün tam şəkildə bizim tələbatlarımızı ödəyir. Beləliklə, Azərbaycanda uzun illər bundan sonra da hava nəqliyyatının inkişafı üçün gözəl imkanlar yaranır. Əvvəlki illərdə bu aeroportların vəziyyəti o qədər də ürəkaçan deyildi. Onlar demək olar ki, yarıdağılmış vəziyyətdə idi. Bu gün isə onlar ən yüksək standartlara cavab verir və sərnişinlərə çox gözəl xidmət göstərilir`.

İlham Əliyev bildirib ki, hava nəqliyyatının inkişafı üçün bütün lazımi tədbirlər görülür:

` Son on ildə 30-dan çox yeni təyyarə alınıb. Demək olar ki, alınan bütün təyyarələr dünyanın aparıcı şirkətlərinin məhsullarıdır. Beləliklə, sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün bütün imkanlar vardır. Bununla bərabər, 20-yə yaxın helikopter alınıb. Bu da həm biznes, həm neft-qaz əməliyyatlarının aparılması üçün çox lazım olan sahədir. Ümumiyyətlə, gələcəkdə helikopter hava nəqliyyatı hesab edirəm ki, Azərbaycanda daha da geniş şəkildə yayılacaqdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, bizdə də bu sahə gələcək üçün vacib olan sahə kimi özünü göstərməlidir. Digər sahələrdə, nəqliyyat sektoruna aid olan bütün başqa sahələrdə yaxşı nəticələr vardır. Hava nəqliyyatı, dəniz nəqliyyatı, dəmir yolu nəqliyyatı. Biz böyük infrastruktur layihələri icra edirik. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla davam edir. Bu layihə qitələri birləşdirən layihə olacaqdır. Avropanı Asiya ilə birləşdirən layihə olacaqdır. Bu yaxınlarda Bakıda yeni gəmiqayırma zavodunun tikintisi də nəqliyyat infrastrukturuna verilən böyük bir dəstək olacaqdır. Biz artıq özümüz bütün növ gəmiləri istehsal edəcəyik. Yəni, Azərbaycan və Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilibdir`.

Qalereya




Teqlər:  





Xəbər lenti