ATƏT: `Seçki prosesi sakit keçir` - EKSKLÜZİV
Hesabatda qeyd edilir ki, sentyabrın 16-da başlanmış seçki kampaniyası tamamilə sakit keçir. Seçkilərdə on namizəd iştirak edir. Səkkiz namizəd siyasi partiyalar, bir namizəd seçicilərin təşəbbüs qrupu tərəfindən, biri isə özü namizədliyini irəli sürüb. Qanunun tələblərinə uyğun namizədlərin son siyahısı sentyabrın 19-da “Azərbaycan” qəzetində dərc edilib.
Hesabatda həmçinin göstərilir ki, hakim “Yeni Azərbaycan” partiyasının seçki kampaniyası fəal və mütəşəkkil keçir. Kampaniyada diqqət əsasən regional sabitliyə, ölkədə iqtisadi artım və hazırkı prezidentin fəaliyyəti dövründə əldə olunan nailiyyətlərə istiqamətlənib. Digər namizədlərin seçki kampaniyaları bu cür aktiv keçmir.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri Mərkəzi Seçki Komissiyasının (MSK) işini xüsusi vurğulayıb. Hesabata əsasən, MSK müşahidəçilər üçün müntəzəm iclaslar keçirir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun əvvəlki tövsiyələrinə uyğun olaraq MSK Ədliyyə Nazirliyi (penitensiar müəssisələrdə səsvermənin təşkili üçün cavab verənlər), Xarici İşlər Nazirliyi (xaricdə səsvermənin təşkili üçün cavab verənlər) və Daxili İşlər Nazirliyinin (seçki günündə təhlükəsizliyin təmin olunması üçün məsuliyyətli şəxslər) əməkdaşları üçün xüsusi metodik material hazırlayıb. MSK məntəqə seçki komissiyalarının 32 min üzvü üçün təlim keçib.
Bundan başqa, qeyd edilir ki, MSK seçicilərin siyahısında dəqiqləşdirilmələrin aparılması üçün daxil olan təxminən 4000 ərizəyə baxıb.
Hesabatda həmçinin deyilir ki, Apellyasiya və Ali Məhkəmədə yeni inzibati-iqtisadi kollegiyaların yaradılmasını nəzərdə tutan 2011-ci il məhkəmə islahatı ilə rayon və ya mülki işlər üzrə apellyasiya məhkəmələri kollegiyalarında seçki şikayətlərinə baxılan zaman daha əvvəl baş vermiş vəziyyət aradan qaldırılıb. Hesabata görə, sentyabrın 13-dən 26-dək olan dövrdə Bakı Apellyasiya məhkəməsi 9 seçki şikayətinə baxıb.
Qeyd edilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun üzvləri hesabatda qeyd olunan dövrdə hökumət rəsmiləri, qeydiyyatdan keçən namizədlər, partiya, vətəndaş cəmiyyəti, KİV və səfirliklərin nümayəndələri ilə görüşüblər. Missiya rəhbəri Şəki, Gəncə və Naxçıvan Muxtar Respublikasına səfər edib.
AzVision.az
Teqlər: