Nazir həmsədrlərlə görüşdən danışdı: “Yekun addımı atmaqdan qorxurlar”
Moskva səfəri ərəfəsində Bakıda demişdiniz ki, danışıqlar xətrinə danışıqlar aparmaq olmaz. Prosesi ölü nöqtədən tərpətmək lazımdır. Sizcə proses ölü nöqtədən tərpədilibmi? Bugünkü danışıqlar hansısa irəliləyişə ümid yaradırmı? sualına cavabından nazir deyib:
“Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə maneə olan məqamları özünün təhlil aparsanız, tapa bilərsiniz. Ümid həmişə var və bu ümid kifayət qədər ciddidir. Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin.
Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır. Məsələ burasındadır ki, hamı hansı yolla getmək lazım olduğunu çox gözəl bilir. Çünki plan məlumdur və mətbuatda yayılıb. Bu hamıya məlum olan məsələdir. Hamı münaqişənin həlli yolunu çox gözəl bilir, amma yekun addımı atmaqdan qorxurlar. Çünki bu addım siyasi addımdır”.
AzVision.az
Teqlər: ATƏT XİN Məmmədyarov Qarabağ