Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub

   Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub
  26 Sentyabr 2024    Oxunub:346
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin ilə paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən ərazidə növbəti ağacəkmə aksiyası həyata keçirilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, “IDEA” könüllülərinin də iştirak etdikləri budəfəki ağacəkmə aksiyası vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmiş ərazidə təşkil olunub. Aksiya zamanı 230 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb. Sözügedən ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması məqsədilə damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.

Qeyd edək ki, vaxtilə baxımsız vəziyyətdə qalan və iki hektar ərazini əhatə edən bu sahə bir neçə ay əvvəl “IDEA” İctimai Birliyinin təşəbbüsü və könüllülərin fəal iştirakı ilə tullantılardan tamamilə təmizlənib, torpaq qatı əlavə olunaraq rekultivasiya işləri görülüb. Həmçinin aprelin 16-da Leyla Əliyevanın iştirakı ilə ərazinin bir hissəsində ilk ağacəkmə aksiyası təşkil edilib. İndi isə ağacəkmə mövsümünün başlanması ilə əlaqədar həmin sahədə növbəti ağacəkmə fəaliyyətləri davam etdirilir.

Bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.

“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir. Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər, yaxud mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olan minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb. Bakıda növbəti ağacəkmə aksiyası təşkil olunub.

AzVision.az






Teqlər:





Xəbər lenti