UNHCR: "30 min insan Livandan Suriyaya qaçıb"

  UNHCR:  "30 min insan Livandan Suriyaya qaçıb"
  27 Sentyabr 2024    Oxunub:1072
"İsrail və "Hizbullah" arasında sərhədboyu münaqişələrin intensivləşməsi fonunda son 72 saat ərzində Livandan Suriyaya 30 min nəfər keçib".
Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriyadakı nümayəndəsi Qonzalo Varqas Yosa məlumat verib. Onun sözlərinə görə, mühacirlərin təqribən 80%-i suriyalı. 20%-i isə livanlılardır.

"Bu qaçqınların təxminən yarısı isə uşaqlar və yeniyetmələrdir. Onların müharibə şəraitindəki ölkədən 13 ildir böhranlı münaqişə ilə üzləşmiş başqa ölkəyə (Suriyadakı vətəndaş müharibəsi nəzərdə tutulur - red.) keçmələri son dərəcə çətin seçimdir", - Yosa vurğulayıb.

(BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Suriyadakı nümayəndəsi Qonzalo Varqas Yosa)

Xatırladaq ki, ötən günlərdə "Hizbullah"a məxsus minlərlə peycerin partlaması nəticəsində bu qruplaşma ilə İsrail arasında münaqişə daha da şiddətlənib. Ötən gün İsrail Hərbİ Hava Qüvvələrinin Beyruta endirdiyi aviazərbə nəticəsində "Hizbullah"ın raket bölməsinin ali hərbi komandiri İbrahim Qübeysi həyatını itirib. Co Bayden və Emmanuel Makronun bu gün münaqişənin həlli istiqamətində tərəfləri atəşkəsə çağırıblar.

Bir sıra ölkə, o cümlədən Yaponiya, İtaliya, Belçika, Britaniya, ABŞ, Rusiya, Hindistan, Avstraliya və Malayziya da öz vətəndaşlarına Livanı tərk etməyi və ya bu ölkəyə səyahət etməməyi tövsiyə edib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   Livan   Suriya   münaqişə   qaçqınlar  





Xəbər lenti