Təcrübəsi 3 ildən az olan sürücülərə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsindən AzVision.az-a verilən məlumata görə, sürücülərə şaxtalı, qarlı hava şəraitində qış mövsümünə uyğun şinlərlə təchiz edilməmiş, eləcə də istismar müddəti çox olan, “ABS” tormoz sistemləri ilə təchiz olunmayan köhnə avtomobillərdən mümkün qədər az istifadə etmələri, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur.
Mexaniki nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl avtomobilin üzərindəki qar yığınını, ban şüşələrini təmizləməli, şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına əmin olmalı, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, bunlardan əlavə avtomobillərin zəncir və dartı kəndiri ilə də təchiz olunmasını təmin etməlidirlər.
Qarlı, buzlu yollarda nəqliyyat vasitələrini idarəetmə vərdişləri, eləcə də ümumi sürücülük təcrübəsi 3 ildən az olan sürücülərin belə hava şəraitində avtomobil idarə etmələrinin onların özləri və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratma ehtimalının yüksək olması nəzərə alınaraq, qeyd olunan hava şəraitində həmin sürücülərin sükan arxasına əyləşməmələri xahiş olunur.
AzVision.az
Teqlər: