Bu sahədə ali dövləti qayğıdan yararlanan Azərbaycan Respublikasının Atçılıq Federasiyası tərəfindən son illər ərzində görülən böyük miqyaslı işlər, Çövkən üzrə hər il ənənəvi “Prezident kuboku” turnirlərinin təşkili, 2012-ci ildən etibarən Böyük Britaniyada Qarabağ atları üzərində milli süvarilər dəstəsinin iştirakı ilə xüsusi proqramın nümayiş etdirilməsi və təmsilçilərimizin kral ailəsinin üzvləri şərəfinə təşkil olunan bu tədbirin ənənəvi üzvü statusuna yiyələnməsi, 2022-ci ildə “Şöhrət” adlı Qarabağ atının Azərbaycan Respublikası Prezidentinin hədiyyəsi kimi Ülyahəzrət II Elizabetə təqdim edilməsi, cari ilin fevral ayında 21 ölkənin iştirakı ilə Beynəlxalq Çövkən Federasiyası yaradılaraq Bakı şəhərinin qərargah qismində seçilməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və digər qonaqlar iştirak edib.
Tədbirin davamında Peşəkar “Çövkən” Liqasında təmsil olunan komandaların paradı təşkil olunub, daha sonra Qarabağ atlarının bu il Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin “Süvarilər” dəstəsi, “Qavaldaş nağara” ritm qrupu və “Cücələrim” rəqs ansamblının nümunəvi çıxışları təqdim edilib.
Rəsmi hissə başa çatdıqdan sonra Peşəkar “Çövkən” Liqasının ilk iki oyunu “Omar” 1 – 0 “Embawood” və “Sərhədçi” 7 - 0 “Ağstafa Dilbaz” komandaları arasında keçirilib.
10 komandanın mübarizə apardığı Peşəkar “Çövkən” Liqasının birinci turunun növbəti qarşılaşmaları 22 may 2024-cü il tarixində baş tutacaq.
AzVision.az