Ramil Usubov Polis Akademiyasında

Ramil Usubov Polis Akademiyasında
  05 İyul 2013    Oxunub:3314
İyulun 5-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 2012-2013-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
AzVision.az xəbər verir ki, məzunların valideynlərinin də qatıldıqları tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-2013-cü tədris ilinin buraxılışı münasibətilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırıb, Azərbaycan Polisinin yaranmasının 95 illik yubileyinə həsr olunmuş mərasimdə möhtərəm dövlət başçımızın iştirakının və proqram xarakterli nitq söyləməsinin, asayiş keşikçilərinin cinayətkarlıqla mübarizə, ictimai təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin təmini yönündəki fəaliyyətini növbəti dəfə yüksək qiymətləndirməsinin qürurverici məqam, daxili işlər orqanlarına göstərilən ali diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib, bunun şəxsi heyəti böyük uğurlara ruhlandırdığını, eyni zamanda, onun qarşısında daha məsul vəzifələr qoyduğunu vurğulayıb.

Nazir qeyd edib ki, xalqın təkidli tələbi ilə ulu öndərin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, hüquq-mühafizə fəaliyyəti sahəsində də köklü hüquqi-demokratik islahatlar həyata keçirilib, onun rəhbərliyi altında artıq müstəqil Azərbaycana xidmət missiyasını yerinə yetirməyə başlayan güc strukturları, o cümlədən daxili işlər orqanları formalaşıb, ölkəmizdə sabitlik bərqərar olub, kriminogen durum tam nəzarətə götürülüb.

Sonra daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.

Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Elnur Mustafayev rəmzi xatirə lövhəsini yaş kötüyünə vurub.

Daha sonra Akademiyanın döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər «Azərbaycan Polisi» marşını ifa ediblər.

AzVision.az


Teqlər:





Xəbər lenti