Şeyxülislam İran prezidentini təbrik edib

  20 İyun 2013    Oxunub : 419
Şeyxülislam İran prezidentini təbrik edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə İranın yeni seçilən prezidenti Həsən Ruhaniyə məktub göndərib.
QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, A.Paşazadənin təbrik məktubunda deyilir:

"Sizi İran İslam Respublikasının Prezidenti məqamına seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alilərinizə Uca Allahdan ən xoş arzularımı diləyirəm.

Dost və qardaş İran xalqının böyük əksəriyyətinin etimadını qazanmağınız bizi də ürəkdən sevindirir. Belə ki, Sizi İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin yaxın silahdaşı və İran dövlətçiliyinin inkişafı üçün böyük işlər görmüş, maraq və mənafelərinin müdafiəsi işinə töhfələr vermiş görkəmli dövlət xadimi, dini dəyərlərimizin ardıcıl təəssübkeşi olaraq tanıyırıq. Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayır, cənabınızla qardaş görüşümüzü yüksək dəyərləndirirəm.

Əminəm ki, Siz malik olduğunuz zəngin dövlətçilik təcrübəsi və cənabınıza xas müdriklik sayəsində İran İslam Respublikasının inkişaf edərək daha böyük uğurlara imza atmasına, dünya miqyasında mövqelərini daha da möhkəmlətməsinə nail olacaqsınız.

Ümidvaram ki, Siz inşallah, İran və Azərbaycan xalqları və dövlətləri arasında mövcud tarixi dostluq, qardaşlıq əlaqələrinin və mənəvi birliyin dərinləşməsi, ümumi mənafe və dəyərlər naminə daha da möhkəmlənməsi üçün səylərinizi əsirgəməyəcəksiniz. Qardaş dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin inkişafının ən yüksək səviyyəsinin təmin edilməsi ümdə istəyimizdir. Əmin ola bilərsiniz ki, Şeyxülislam və Qafqaz müsəlmanlarının rəhbəri olaraq bu yolda həmişə olduğu kimi, bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.

Sizi bir daha təbrik edir, Zati-alilərinizə bu ali məqamda uğurlar, yeni nailiyyətlər arzulayır, qardaş İran xalqının rifahı və səadəti naminə fəaliyyətinizə Allah-Təaladan rəvac diləyirəm".

Teqlər: