Kaya Kallas: “Aİ-yə öz ordusu lazım deyil”

       Kaya Kallas:     “Aİ-yə öz ordusu lazım deyil”
  23 Yanvar 2025    Oxunub:328
Avropa İttifaqının Xarici Işlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas birliyin 27 ölkəsinin NATO-nun üzvü olduğu üçün Aİ-nin öz ordusuna ehtiyac duyulmadığını bildirib.
AzVision.az xəbər verir ki, Aİ diplomatiyasının rəhbərinin fikrincə, mövcud təhdidlərə cavab olaraq, NATO və Aİ, sadəcə, sıx əməkdaşlıq etməlidir.

“Biz NATO-nun onsuz da etdiklərini təkrarlamamalıyıq. Aİ-də bizim 27 ordumuz var və onların hamısı birlikdə əməkdaşlıq etdiyimiz kollektiv müdafiəyə töhfə verməlidir. Hər bir ölkənin müdafiə planı və müdafiə büdcəsi var. Beləliklə, biz Avropa ordusuna ehtiyacımız olduğunu söyləyə bilmərik, lakin NATO və Aİ-yə gəldikdə bu 27 üzvün birlikdə çox yaxşı işləməsinə ehtiyacımız var”, - Türkiyəyə sabah edəcəyi səfər öncəsi Kaya Kallas “Anadolu” agentliyinə deyib.

Türkiyəni Aİ-nin mühüm aktyoru və strateji tərəfdaşı adlandıran Kaya Kallas, Brüsselin Ankara ilə yüksək səviyyəli siyasi dialoqun canlanmasında maraqlı olduğunu vurğulayıb. O, deyib ki, gündəmdə çoxlu suallar var və tərəflər regional təhlükəsizliklə yanaşı, enerji kimi müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edə bilərlər.

Qeyd edək ki, Aİ-nin öz ordusunu yaratmaq zərurəti barədə iddialar uzun müddətdir ki, səsləndirilir. Son vaxtlar bu məsələnin adeptllər Fransa prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkel olublar. Lakin İkinci Dünya müharibəsindən sonra Avropanın Təhlükəsizlik arxitekturasının yaradıcısı və bu günə qədər də təminatçısı olan ABŞ müstəqil Aİ ordusunun təsisatı cəhdlərini böyük ustalıqla bloklayır ki, bu da məntiqli siysətdir.

Belə ki, ABŞ-nin hegemon rol oynadığı Şimali Atlantika Alyansına “qoca qitədə” alternativ ola biləcək Aİ ordusunun yaradılması Vaşinqtonun geosiyasi maraqları ilə daban-dabana ziddir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kallas     ordu  





Xəbər lenti