Tramp süni intellektə 500 milyard dollar sərmayə ayırır

   Tramp süni intellektə    500 milyard dollar    sərmayə ayırır
  22 Yanvar 2025    Oxunub:350
ABŞ Prezidenti Donald Tramp Yaponiyanın telekommunikasiya yönümlü investisiya şirkəti "Softbank", ABŞ-nin kompüter texnologiyaları şirkəti "Oracle" və süni intellekt üzrə tədqiqat təşkilatı, "ChatGPT"nin yaradıcısı "OpenAI"nin rəhbərliyində nəhəng süni intellekt (Sİ) infrastrukturunun yaradılmasına böyük sərmayə qoyacağını açıqlayıb.
O bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı məlumat verib. Bildirib ki, layihə "Stargate" adlanır. Rəsmi açıqlamaya adıçəkilən şirkətlərin müvafiq rəhbərləri Masayoşi Son, Larri Ellison və Sem Altman da qoşulublar.

"Bu möhtəşəm təşəbbüs ABŞ-nin potensialına inamın açıq-aşkar ifadəsidir", - prezident deyib.

Masayoşi Son diqqətə çatdırıb ki, "Softbank" layihəyə əvvəlcə 100 milyard, növbəti 4 il ərzində isə 500 milyard dollaradək investisiya ayırmağı öhdəsinə götürüb.

Layihə qabaqcıl texnologiya şirkətlərinin Sİ-nin fəaliyyəti və inkişafı naminə maddi ehtiyacların ödənilməsi, lazımi elektrik enerjisinin qarşılanması məqsədilə cidd-cəhdlə çalışdığı bir vaxtda baş verir.

"Stargate" Sİ-nin gələcəyi üçün həm fiziki, həm də virtual infrastrukturun, habelə nəhəng məlumat mərkəzlərinin tikintisini nəzərdə tutur", - Tramp vurğulayıb.

Layihə üzrə "OpenAI"nin açıqlamasında isə bildirilir ki, "Stargate" təkcə ABŞ-nin yenidən sənayeləşməsini dəstəkləməyəcək, eyni zamanda, onun və müttəfiqlərinin milli təhlükəsizliyini qorumaq üçün strateji imkan hazırlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   süni-intellekt   layihə  





Xəbər lenti