Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda təşviş doğurur

   Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda    təşviş    doğurur
  23 Yanvar 2025    Oxunub:309
Rusiya və İrana qarşı sanksiyalar, habelə ikinci dərəcəli sanksiyalar altına düşmək riski Ermənistan üçün ciddi problemlər yaradır.
AzVision.az xəbər verir ki, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin (XKX) hesabatında belə deyilir.

“Ermənistan Respublikası üçün mühüm iqtisadi təhdid bəzi ticarət tərəfdaşlarına, xüsusən də Rusiya Federasiyasına və İran İslam Respublikasına qarşı cari sanksiyalardır ki, bunun da nəticəsində mövcud iqtisadi potensialımızdan istifadə ikinci dərəcəli sanksiyaların riskləri ilə məhdudlaşır. İkinci dərəcəli sanskiyaların sərtləşdirilməsi isə Ermənistanı üçün yeni məhdudiyyətlərlə üzləşdirəcək”, - sənəddə bildirilir.

Ermənistan XKX-nin hesablamalarına görə, 2025-ci ildə Rusiya və İrana qarşı, potensial olaraq Ermənistan iqtisadiyyatına ciddi təsir göstərə biləcək, sanksiyaların ləğvi və ya yumşaldılması mümkün deyil. Ona görə də ikinci dərəcəli sanksiyaların doğurduğu risklər 2025-ci ildə də Ermənistan üçün aktuallığını qoruyub saxlayacaq.

Eyni zamanda, Rusiyaya qarşı sanksiyaların davamlı tətbiqi, Rusiya-Ukrayna münaqişəsi və digər mühüm amillərin birləşməsi Rusiyada iqtisadi artımın ləngiməsi ehtimalını artırmaqla yanaşı Ermənistan iqtisadiyyatı üçün də əlavə risklər yaradır.

BMT 2024-cü ildə Ermənistanın ÜDM-nin 6%, Dünya Bankı isə 5,5% artığını bildirib. Halbuki, Ermənistanın 2024-cü il dövlət büdcəsində ÜDM-in 7% artımı nəzərdə tutulmuşdu. Ölkənin hakimiyyət orqanları iqtisadi artımın 2025-ci ildə 5,1% olacağını gözləyir. Dünya Bankı bu göstəricinin 5%, BMT 5,2%, Avrasiya İnkişaf Bankı isə 5,5% təşkil edəcəyini proqnozlaşdırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   İran   Ermənistan  





Xəbər lenti